Qış aylarında yeni avtomobillərin ovuna çıxan fotoqraflar Skandinaviya ölkələrinə üz tuturlar. Bu günlərdə avtomobil “ovçularının” nişangahına Genesis GV80 krossoverinin sınaq prototipi tuş gəlib. Genesis markasının ilk krossoveri olacaq avtomobil nə Kia Telluride, nə də ki Hyundai Palisade ilə eyni platformanı paylaşmır. Adı çəkilən krossoverlərdən fərqli olaraq, GV80 modeli yeni arxadançəkişli platformada inşa edilib. Çox güman ki, bu platforma Genesis G80 sedanının yeni nəslinə aiddir.

Bütün bunları nəzərə alsaq, öndənçəkişli platformada inşa edilmiş Telluride və Palisade modellərindən fərqli olaraq, Genesis GV80 uzununa yerləşən mühərrikə, arxaçəkişli platformaya və qoşulan ön oxa sahib olacağını ehtimal etmək olar. Böyük ehtimalla, dəbdəbəli krossoverin mühərrik çeşidinə 5,0-litrlik səkkiz silindrli atmosfer mühərriki, 3,3-litrlik altısilindrli biturbomühərrik və 2,2-litrlik dizel aqreqatı daxil ediləcəkdir.

Şirkət daxilindəki mənbələrin verdiyi məlumata görə, koreya istehsalçısı G80 modeli üçün 2,5-litrlik dörd silindrli turbomühərriki hazırlayır. Bu mühərrik GV80 modelinin baza variantı üçün daha məqsədəuyğun olardı. Üstəlik, bu mühərriki elektromotorla birləşdirib güclü hibrid aqreqatını da əldə etmək mümkündür. Bundan başqa, bir il bundan öncə qış testlərində iştirak edən “qatırın” yeni 3,5-litrlik benzin mühərrik ilə təchiz edildiyi də söylənilirdi. Bu mühərrikin Genesis G80 sedanının yeni nəslində debüt edəcəyini də ehtimal etmək olar.

Əlbəttə ki, Hyundai konserninin texnoloji imkanları GV80 krossoverinin hidrogen yanacaq elementləri ilə çalışan modifikasiyasını da buraxmağa sövq edə bilər. Xatırladaq ki, Genesis brendi üç yeni krossover buraxmağı planlaşdırır. Bu yaxınlarda bu üçlüyün ikinci nümayəndəsi olacaq GV70 krossoverinin prototipi Cənubi Koreyada qeydə alınıb.

Beləliklə, Genesis brendi GV70 modeli ilə Audi Q5, BMW X3 və Mercedes-Benz GLC modellərinə, GV80-nin köməyi Audi Q7, BMW X5 və Mercedes-Benz GLE krossoverlərinə meydan oxumaq fikrindədir.