Hyundai şirkəti mart ayında yeni nəsil Elantra modelini nümayiş etdirərkən, tezliklə yeni modelin aqressiv görkəmli N Line versiyasını təqdim edəcəyinə söz vermişdi. Bir müddət bundan öncə, Cənubi Koreya istehsalçısı Elantra N Line modelinin kamuflyajlı şəkillərini də dərc etmişdi. Bu gün isə, Hyundai şirkəti yeni modelin kamuflyajsız şəkillərini yayıb.

Göründüyü kimi, Elantra modelinin eksteryerində kifayət qədər dəyişikliklər baş verib. Cascading Grille adlanan radiator barmaqlığından başlamış ön bamperə kimi hər şey dəyişdirilib və avtomobil daha aqressiv görkəmə malik olub. Ön bamper daha iri hava girişləri və bumeranq şəkilində xətləri ilə seçilir.

Yan tərəfdən baxdıqda isə, diqqəti ikirəngli tərtibata malik olan 18-düymlük təkər diskləri və azaldılmış klirens çəkir. Yan ətəklər də daha nəzərəçarpan olublar. Bundan başqa, avtomobil tünd korpusa malik olan yan güzgüləri də əldə edib.

Arxa hissəyə gəldikdə isə, burada səsboğucu sistemin cütlənmiş lüləsi olan çıxış borusunu və yalançı diffuzor qiraşdırılmış yenilənmiş arxa bamperi gərmək olar.  Baqaj qapağındakı nazik spoyler bir daha qarşımızda qeyri-adi Elantra modelinin durduğundan xəbər verir.

Şirkət yeni mühərrikin xüsusiyyətləri ilə bağlı təfərrüatları açıqlamayıb, lakin bu mhərrikin beşqapılı Elantra GT modelində quraşdırılmış 1,6-litrlik mühərrikin olması ehtimalı yüksəkdir. Xatırladaq ki, Elantra GT modelində bu mühərrik 204 at qüvvəsi və 264 Nm fırlanma anı təklif edir.

Mühərrik altı pilləli mexanika ötürmələr qutusu və yeddi diapazonlu "robot" ilə təchiz edilir. Qeyd etmək lazımdır ki, tizerdəki avtomobil sonuncu transmissiya ilə təchiz edilib - buna videoda görüntülənən ötürmələr qutusunun sükanaltı dəstəkləri işarə edir .

Dərc edilmiş tizerlər, Hyundai şirkətinin yeni Elantra N Line modelini yaxın günlərdə təqdim edəcəyindən xəbər verir. Elantra modelinin "bərkgedən'" N versiyasına sahib olacağı da istisna edilmir. Hyundai Elantra N modeli 8-pilləli "robot" ilə tandemdə çalışan 275 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təchiz oluna bilər.