Bu yaxınlarda Hyundai şirkətinin "bərkgedən" N-modellərinin sırasına ilk krossover qoşulub. Tezliklə bu cərgəyə ilk N-sedanın daxil olması da gözlənilir. Amerikada və bir sıra digər ölkələrdə “bərkgedən” sedan Hyundai Elantra N adlanacaqdır,

 Cənubi Koreyada isə o, Hyundai Avante N adı altında satılacaqdır. “Bərkgedən” sedanın təqdimatı bir neçə həftədən sonra keçirilməlidir, hələlik isə avtomobil yeni tizerləri dərc edilib – özü də, kamuflyaj örtüyü olmadan.

Digər N modelləri kimi, “bərkgedən” Elantra modeli də aqressiv aerodinamik kuzov dəstinə (baqaj qapaqdakı antiqanad daxil olmaqla), böyük təkər disklərinə və buraxılış sisteminin iri çıxış borulara sahib olacaqdır. Məlum məsələdir ki, “bərkgedən” Elantra N modeli “qaynar”, Elantra N Line modifikasiyasından daha aqressiv görünəcəkdir.

İlkin məlumata görə, texniki cəhətdən sedan Avropada təklif edilən “bərkgedən” Hyundai i30 N hetçbeki ilə tam şəkildə unifikasiya ediləcəkdir: yəni kapotun altında 250-280 at qüvvəsi hasil edən 2,0-litrlik turbomühərrik yerləşəcəkdir.

Güc qurğusunu mexaniki ötürmələr qutusu və ya ikimuftalı "robot" ilə təchiz etmək mümkün olacaqdır. Tam ötürmə sistemi nəzərdə tutulmayıb: top versiyası ön ötürmə ilə təklif ediləcəkdir.