Italdesign şirkətinin yeni məhsulunun tizer kampaniyasınə xatırlayırsınızmı? Uzun müddətdir ki, italyan kuzov atelyesi Cenevrə avtosalonunda nümayiş etdirməyi planlaşdırdığı naməlum avtomobilin tizerlərini dərc etməklə məşğul idi. Nəhayət, bu gün dərc edilmiş eskiz bu məsələyə aydınlıq gətirib.

Audi şirkətinə məxsus olan Italdesign şirkəti Cenevrə avtosalonunda kupe kuzovlu avtomobili nümayiş etdirəcəkdir. Bu “qağayı qanadları” üslubunda açılan iri qapıları olan kupedir. DaVinci adını almış dəbdəbəli qrand turerin uzunluğu 4981 millimetr, eni 2124 millimetr, təkər bazasının uzunluğu isə 2900 millimetrdir.  Avtomobilin klirensi 119 millimetrə bərabərdir.Italdesign DaVinci Grand Tourer 2+2 oturacaq formuluna malik olacaqdır. Bundan başqa, dəbdəbəli kupenin nazik formalı işıq texnikasına və aqressiv ön hissəyə malik olacağı da açıq-aydın görünür.

Bununla belə, avtomobilin konsept və ya seriya modeli olması da sual altındadır - qapı dəstəklərinin olmaması və kiçik güzgülər konseptə işarə edir. Ön qanadda yerləşdirilmiş kiçik qapaq avtomobilin elektrik və ya hibrid güc aqreqatı ilə təchiz edildiyindən xəbər verir. Hər halda, biz belə ehtimal edirik. Son tendensiyalar nümayiş etdirilən konseptlərin əksər hissəsinin elektrokar olduğunu göstərir.