Jeep şirkəti Grand Wagoneer prototipi ilə birlikdə hibrid güc qurğusu ilə təchiz edilmiş Wrangler 4xe ofrouderini təqdim edib. Yeni hibrid Renegade 4xe və Compass 4xe modellərinin təmsil olunduğu xəttin üçüncü üzvü olacaqdır.

Jeep Wrangler 4xe modelinin güc qurğusu 272 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli benzin turbomühərrikinə əsaslanır. Turbomühərrik iki elektrik mühərriki ilə tandemdə çalışır: 45 at qüvvəsi və 53 Nm fırlanma anına malik olan startyor-generator və səkkiz pilləli avtomatik ötürmələr qutusuna inteqrasiya oedilmiş 136 at qüvvəli elektrik mühərriki.

Ofrouderin güc qurğusunun ümumi hasilatı 381 at qüvvəsi və 637 Nm fırlanma anı təşkil edir ki, bu da V8 mühərriki ilə təchiz edilmiş Wrangler Rubicon 392 modelində olduğundan 27 Nm çoxdur.

Elektrik mühərriki 17.3 kilovat-saat tutumu olan 400 voltluq nikel-kobalt-manqan batareyadan qidalanır və ofrouderə elektrik ötürməsi ilə 40 kilometrə qədər məsafə qət etməyə imkan verir. Hibrid güc qurğusu üç iş rejiminə malikdir: hibrid, elektrik və eSave. Birinci halda, həm 2,0-litrlik daxili yanma mühərriki, həm də elektrik mühərriki eyni vaxtda istifadə olunurlar. İkinci rejimdə turbomühərrik sönür və  ofrouder batareyanın cərəyanı kritik həddə çatana qədər elektrik mühərriki ilə hərəkət edir. Nəhayət, eSave rejimində isə, enerjiyə qənaət etmək məqsədilə, ofrouder yalnız DYM ilə hərəkət edir.

Ofrouderin batareya və mühərrikləri arasındakı naqillər də daxil olmaqla, bütün elektron sistemləri kip şəkildə örtülüb və su keçirmir. Buna görə də, Wrangelr 4xe modeli adi ofrouder kimi 76 santimetrə qədər dərinliyi ola su maneələrini dəf etməyə qadirdir.

Jeep Wrangler 4xe üç təchizat səviyyəsində təklif edilir: 4xe, Sahara 4xe və Rubicon 4xe. Standart və Sahara versiyalarında ofrouder iki pilləli Selec-Trac paylayıcı qutusu olan tam ötürmə sistemi ilə təchiz edilir. Rubicon, 4: 1 azalma nisbətinə, differensialların kilidlənməsinə və söndürülə bilən köndələn dayanıqlılıq  stabilizatoruna  malik olan Rock-Trac daimi tam ötürmə sistemini əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektrikləşdirilmiş Wrangler modelini Electric Blue rəngində olan farkoplar, Jeep və Trail Rated emblemləri və salondakı tikişlər sayəsində tanımaq olar. Kapotdakı Rubicon yazısı da eyni rəngdədir.

Jeep Wrangler 4xe modelinin Avropa, Çin və ABŞ-dakı satışlarına 2021-ci ilin əvvəlində başlanmalıdır. Hibrid ofrouderin qiyməti hələlik gizli saxlanılır.