Ford Bronco modelinin yaxınlaşan debütü Jeep şirkətini bir balaca silkələyib. Zarafat deyil, uzun illərdən sonra, Wrangler modelinin əsas rəqibi sayılan Bronco ofrouder üç versiyada debüt etməyə hazırlaşır. Bu səbəbdən də, Jeep şirkəti Wrangler modelini yeniləmək qərarına gəlib. Doğrudur, yeniləmələr elə də ciddi və geniş xarakter daşımır - avtomobilin həm xarici görünüşündə, həm də texniki hissəsində bir sıra yeniliklər baş verəcəkdir.

Jeep şirkətinə yaxın bir mənbəyə istinad edən MoparInsiders saytının yazdığına görə, Wrangler Sport modeli əvvəllər yalnız Sahara versiyası üçün təklif edilən mərkəzi differensialın məcburi kilidlənməsi olan Selec-Trac qoşulan tam ötürmə sistemini əldə edəcəkdir.

Rubicon və Sahara versiyaları ön kameranı və təkərlərin təzyiqinə nəzarət sistemini əldə edəcəkdirlər. Wrangler modelinin baza versiyasında kondisioner, Apple CarPlay və Android Auto dəstəkləyən, həmçinin 7-düymlük sensorlu displeyi olan multimedia sistemi, naviqator, cihazlar panelinin TFT displeyi, SiriusXM peyk radiosu və USB portu quraşdırılacaqdır.

Bundan başqa, Rubicon versiyasında yüksək sürətlərdə arxa differensialı kilidləyən Off-Road Plus rejimi peyda olacaqdır. Bu funksiyanı, yeniləmədən sonra Wrangler xəttinə qoşulacaq yeni Mojave versiyasının alacağı da gözlənilir.

Zahiri dəyişikliklər, rəng palitrasına yeni boyaların əlavə edilməsi ilə məhdudlaşacaqdır: bu çalarlar mavi Hydro Blue və tünd qırmızı Snazzberry rənglərindən ibarətdir.

Wrangler modeli ilə rəqabət aparacaq yenidən canlandırılmış Ford Bronco modeli 13 iyul tarixində təqdim ediləcəkdir.