Kia şirkəti Seltos krossoverinin elektrik versiyasının üzərində çalışmalara başlayıb. Artıq elektrokrossoverin ilk təcrübə nüsxəsi hazırlanıb. Seriya krossoverinin istehsalına gələn ilin avqust ayında markanın Cənubi Koreyadakı zavodunda başlanacaqdır.

Əslində Kia mütəxəssisləri üçün Seltos modelinin elektrik versiyasının hazırlanması o qədər çətin olmamalıdır - qohum Hyundai markasının Kona modeli elektrik versiyasına malikdir. Böyük ehtimalla, Kia Seltos da elektrik Kona modelinin güc qurğusuna sahib olacaqdır. 

Məlumdur ki, Hyundai Kona 136 at qüvvəsi və 395 Nm fırlanma anı hasil edən elektromotor və 39,2 kVs tutuma malik olan batareya ilə təchiz edilir. Kona modeli dolu batareya ilə 452 km məsafə qət edə bilər. Bununla belə, Kona modeli bəzi bazarlarda 204 at qüvvəli elektromotor və 64 kVs-lıq batareya ilə təchiz edilən modifikasiyada da təklif edilir. 100 km/saat həddinə bu krossover 7,6 saniyəyə sürətlənir və dolu batareya ilə 482 km (WLTP) qət edə bilər. Seltos modelinin belə varianta sahib olacağını da ehtimal etmək olar.

Elektiklə hərəkətə gələn Kia Seltos modeli ilkin olaraq 10 min nüsxəlik tirajla buraxılacaqdır.