Bir müddət bundan öncə, Land Rover şirkətinin V8 mühərriki ilə təchiz edilmiş Defender modelinin sınaqlarına başladığını yazmışdıq. Bu günlərdə, casuslar Land Rover şirkətinin Gaydondakı zavodunun yaxınlığında Special Vehicle Operations bölümü tərəfindən hazırlanmış Defender SVR modelinin sınaq prototipini yaxalayıblar.

Qarşımızdakı ofrouderin SVR indekdinə malik olduğuna iri ölçülü təkər disklərinin arasından görünən qırmızı rəngli əyləc supportları dəlalət edir. Bundan başqa, "Auto Express" nəşrindən olan həmkarlarımız avtomobilin dövlət nömrə nişanını qeydiyyat bazasında axtararaq, bu nömrəyə malik olan Defender modelinin Range RoverSport SVR və Range Rover SVR modellərinə quraşdırılan kompressorlu 5,0-litrlik V8 mühərriki ilə təchiz edildiyi barədə məlumatı əldə ediblər.

Eyni zamanda, Land Rover Defender SVR modeli Ford şirkətinin Bricenddəki zavodunda istehsal edilən 575 at qüvvəsi və 700 Nm fırlanma anına malik olan 5,0-litrlik mühərriklə təchiz edilən son Land Rover modeli olacaqdır. Çünki, amerikan şirkəti bu zavodu ilin sonuna qədər bağlamaq niyyətidədir.

Bundan başqa, Land Rover Defender modelinin alüminiumdan hazırlanmış platforması avtomobilin şassinin yüksək məhsuldarlıq üçün tənzimlənməsini asanlaşdırır. Bu səbəbdən də, modelin təchiz edildiyi Terrarin Response 2 hərəkət rejimləri sistemi trek rejiminə malik olacaqdır. Bununla belə, mühəndislər Defender SVR modelinin adi ofrouderə xas olan yolsuzluq imkanlarının qorunmasının tərəfdarıdırlar.

Casus şəkilləri avtomobilin xarici görünüşündə dəyişikliklərin olmadığını göstərsə də, eksteryer tərtibatında yeniliklər mütləq olacaqdır. "Auto Express" nəşrinin dizaynerləri "bərkgedən" ofrouderin geniş təkər tağlarına, irilənmiş hava girişi olan ön bamperə, dəyişdirilmiş arxa bamperə, ən əsası isə 22-düymlük təkər disklərinə sahib olacağına inanırlar. Bu yeniliklər vizual olaraq ofrouderin kuzovunu aşağı endirir.

Üçqapılı kuzova malik olan Defender 90 modelinin gələn ilin ortasında istehsala gedəcəyi gözlənilir. Belə variantın SVR modeli üçün daha uyğun olduğunu düşünənlər də vardır. Lakin, SVR modelinin Defender 110 modifikasiyasına əsaslanacağı ehtimalı daha güclüdür.