Bu günlərdə, ümumi istifadə yollarında Land Rover Discovery modelinin kamuflyaja bürünmüş sınaq prototipi diqqəti çəkib. Məsələdən agah olanlar, avtomobilin kamuflyaja bürünməsinə baxmayaraq, onun eksteryerində ciddi dəyişikliklərin olmayacağını söyləyirlər. Discovery ofrouderinin eksteryer dizaynında simvolik dəyişikliklərin baş verəcəyi iddia edilir.

Bununla belə, ofrouderin mühərrik çeşidində ciddi yeniliklərin olacağı söylənilir. İş ondadır ki, Land Rover şirkəti Avropa İttifaqında qüvvədə olan ekoloji standartlar ucbatından birliyin nəzarət orqanları ilə qarşıdurma yaşanmasını istəmir və model cərgəsi üzrə zərərli tullantıların ortalama səviyyəsini azaltmağa çalışır.

Buna görə də, Discovery modelinin bu məsələdə Evoque və Discovery Sport modellərini yolu ilə gedəcəyini gözləmək olar. Bu, Land Rover Discovery ofrouderinin, ilk dəfə olaraq, tamölçülü hibridə çevrilməsi deməkdir. Disco’nun hansı hibrid aqreqatına sahib olacağı barədə heç bir fikrimiz yoxdur, amma güman etmək olar ki, 1,5-litrlik mühərrikin əsasında yaradılmış hibrid qurğu daha yığcam modellərin müstəsna hüququ olaraq qalacaqdır. Discovery isə, daha güclü hibrid qurğuya sahib olacaqdır.

Şayiələrə görə, ofrouderin təchiz edildiyi benzin və dizel mühərrikləri də elektrikləşdirmədən yaxa qurtara bilməyəcəklər. Onların 48 voltluq şəbəkədən çalışan startyor-generatorla təchiz ediləcəyi söylənilir.

Mühərrik çeşidi ilə yanaşı, yenilənmiş Discovery daha müasir multimedia kompleksinə və qabaqcıl yardımçı sistemlərə də sahib olmalıdır.