London Electric Vehicle Company və ya qısaca LEVC şirkəti London şəhəri üçün taksomotorların və furqonların buraxılması üzrə ixtisaslaşıb. Bu markanın taksomotorları Bakı sakinlərinə də yaxşı tanışdır – artıq şəhərimizin küçələrində elektrik mühərriki ilə hərəkətə gələn LEVC taksiləri (Çində istehsal olunan) şütüməkdədirlər. Lakin pandemiya səbəbindən təkər üzərindəki evlərə olan tələbatın artdığını görən istehsalçı, öz model xəttini kemperlə zənginləşdirməyə qərar verib.

LEVC e-Camper elektrikləşdirilmiş güc qurğusuna malik olan VN5 modelinə əsaslanır. Yaradıcılarının bildirdiyinə görə, kemper elektrik ötürməsi ilə 98 kilometr məsafə qət edə bilər. Benzin mühərrikinin işə qoşulması ilə bu məsafə 489 kilometrə qədər artacaqdır. Hibrid güc qurğusu kemper sahibinə sıfır tullantı səviyyəsi tələb olunan rayonlarda hərəkət etmək imkanı verir.

Kempinq imkanlarına gəldikdə isə, avtomobil dörd nəfəri qəbul edə bilər: iki nəfər damın altında yerləşən ikiyerli yataqda, digər iki nəfər isə açılan divanda gecələyə bilər. Əlbəttə, salonda bahalı avadanlıq və qabaqcıl texnologiyalar olmasa da, nahar etmək və ya işləmək üçün qatlanan masa, habelə elektrik plitəsi olan mini-mətbəx var.

Kemperin kompyüter təsvirləri şəklində mövcud olmasına baxmayaraq, istehsalçı hazır avtomobillərin sifarişçilərə çatdırılmasının bu ilin dördüncü rübündə mümkün olacağını bildirib. LEVC e-Camper modelini almaqda maraqlı olan şəxslər artıq avtomobili behləmək, habelə onun rəngini və disklərini seçmək imkanına malikdirlər. Kemperin qiyməti 62.250 funq sterlinqdən başlayır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.