Dünən uzun sürən xəstəlikdən sonra məşhur dizayner Luici Kolani Almaniyanın Karlsrue şəhərindən vəfat edib. Kolani futuristik işləri sayəsində məşhurlaşıb. Arxitektorun ölümünü onun həyat yoldaşı Yaçjen Çjao təsdiq edib. Kolani onlarla konsept avtomobilinin müəllifi olub və Alfa Romeo, BMW, Ferrari, Fiat, Ford, Lancia, Mazda, Mercedes-Benz, Porsche və Volkswagen şirkətləri ilə əməkdaşlıq edib.

Kolaninin dizayn etdiyi bütün məmulatlar yumru axar formalara malik olub. Dizayner hər zaman aerodinamikaya üstünlük verib. Luici Kolani biodizaynın banisi sayılır. Onun konsepsiyasının əsasını təbiətdən götürülmüş formalar təşkil edib.

«Yer kürəsi yumrudur, səma cismləri yumrudur və onlar elliptik xətt üzrə hərəkət edirlər. Mən də təbiəti izləyirəm: mənim yaratdığım aləm yumrudur», - Kolani söyləyərdi.

Kolaninin uzun müddət üzərində işlədiyi layihələrdən biri aerodinamik Colani Trucks yük avtomobilləri olub. Alman dizayner futuristik xarici görkəmi və möhtəşəm yanacaq qənaətcilliyi olan yedək avtomobilləri üzərində 30 ildən çox işləyib. Lakin, onun avtomobilləri seriyaya getməyib. «Kütbeyin sənaye mənim ismarıcımı anlaya bilmədi. Bu müddət ərzində onlar milyard litr yanacaq yandırdılar. Əgər mənim ideyalarımı qəbul etsəydilər, planetimizin havası daha təmiz olardı», - vaxtı ilə Kolani gileylənib.

Dizayner dayanmadan çalışıb və dörd mindən çox ixtiranın müəllifidir. Kolaninin bildirdiyinə görə, onun ideyalarının 70 faizi tələb olunmamış qalıb. Bununla belə, qalan 30 faiz ona dünya şöhrətini qzandırmağa kifayət edib. Kolaninin avtomobil sənayesində aldığı mükafatları sayıb başa çatdırmaq mümkün deyil.

Bəli, dünyanın işi belədir. Çalışırsan-vuruşursan, yeni ideyalar irəli sürürsən, amma bəzi kütbeyinlər sayəsində əməyinə qiymət verilmir. Minlərlər bəhanə gətirərək, sənin ideyalarını və təkliflərini gözardı edirlər. Səni gözəl anlayırıq Luici. Torpağın yimşaq olsun maestro!