Mercedes-AMG bölməsinin rəhbəri Tobias Moers Mercedes-AMG GT 4-door Coupe modelinin yüksək məhsuldarlıqlı elektrikləşdirilmiş modifikasiyasının hazırlandığı barədə məlumat verib. AMG EQ Performance subbrendi altında buraxılacaq kupeşəkilli sedan Porsche Panamera Turbo S E-Hybrid modelinin rəqibi olacaqdır. Yeni sedanın GT 73 adlandırılacağı ehtimal olunur.

Frankfurt avtosalonunda jurnalistlərlə söhbət zamanı, Moers AMG xəttinin elektrikləşdirilməsi planlarının olduğunu təsdiq edərək, tamamilə elektrik ötürməsi ilə hərəkətə gələcək AMG modeli üzərində işlərin getdiyini bildirib. Mühərriklərin sayı və onların yerləşməsi hələlik sirrdir. Moers, həmçinin «yaşıl» xəttdən olan modellərin ikipilləli reduktor sxeminə sadiq qalacağını bildirib. O, bir pilləli reduktorun «dinamikaya olan tələblərə cavab vermədiyini» söyləyib.

İnsayderlər Mercedes-AMG GT 73 4-door Coupe modelinin 4,0-litrlik V8 biturbo mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz ediləcəyini bildiriblər. Hibrid qurğu 800 at qüvvəsi hasil etməlidir. Modelin seriya istehsalının 2020-ci ildə başlanması planlaşdırılır. Bir müddət sonra isə, üçmühərrikli Tesla Model S və Porsche Taycan Turbo S modellərinə rəqib olacaq «yaşıl» sportkar işıq üzü görəcəkdir.