Los-Anjelesdə keçiriləcək avtosalonda Mercedes-AMG bölümü GT R sportkarının xüsusi Pro indeksli versiyasını təqdim edəcəkdir. Kupe dəyişdirilmiş zahiri görkəmə və onu trekdə istifadə etməyə yayarlı edəcək təkmilləşdirmələrə sahib olub.

Qeyd etmək gərəkdir ki, yeni versiya əslində heç də sürpriz xarakteri daşımır – artıq neçə aydır ki, sportkarın prototipi Nürburqrinqin “Şimal ilgəyində” sınaqlardan keçirilir. Əsas dəyişikliklər avtomobilin aerodinamikası və şassisində baş veribdir. Avtomobilin görünüşü və idarələnməsi daha aqressiv olacaqdır.

Mercedes-AMG GT R Pro bazasında hazırlandığı GT R modelindən daha yüngül və güclü olmalıdır.Məlumdur ki, AMG GT R superkarı 585 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 4,0-litrlik səkkiz silindrli biturbomühərrik ilə təchiz edilir. Kupe 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir və 318 km/saatlıq maksimal sürət həddinə malikdir. GT R Pro modifikasiyasının mühərrikinin gücünün 600 at qüvvəsinin üzərində olacağı ehtimal edilir.

Alman istehsalçısı Mercedes-AMG GT R Pro ilə yanaşı Los-Anjeles avtosalonunda restaylıq keçmiş AMG GT ailəsini, GLE krossoverinin son nəslini və A-Class hetçbekini də nümayiş etdirəcəkdir.