“Gelendvagen” sizdə hansı assosiasiyanı yaradır? Yəqin ki, kvadrat formaları və yanacaqdoldurma məntəqəsində sərf edilən pullar ilə. Əlbəttə ki, bir də lovğalanmağın və özünü gözə soxmağın ən yaxşı üsulu kimi. Lakin yaxın zamanlarda saydığım elementlərdən biri aradan qaldırılacaqdır. Həyəcanlanmayın, kvadrat formalar və lovğalanmaq imkanına toxunulmayacaqdır.

Daimler AG konserninin rəqəmsal texnologiyalar şöbəsinin rəhbəri Saşa Pallenberq öz tvitində alman konserninin başçısı Ola Kalleniusun elektriklə hərəkətə gələn G-Class modelini buraxmağı vəd etdiyini bildirib. Bu şokedici bəyanat Berlində keçirilmiş Automobilwoche (“Avtomobil həftəsi”) tədbirində səsləndirilib. Çox güman ki, bu addım müasir şəraitdə ekologiya və qənaət baxımından həddən ziyadə qıcıqlandırıcı olan əfsanəvi avtomobilin yeganə qorunub-saxlanması üsuludur.   

Ənənəvi Mercedes-Benz G-Class modeli alman istehsalçısının model xəttində olan ən bahalı avtomobillərdən biridir. Lakin, ofrouderin elektrik versiyası ondan da baha olacaqdır. Çox güman ki, yeni “Gelendvagen” elektrik modellərinin işarələndiyi EQ indeksinə də sahib olacaqdır.