Mercedes-Benz şirkəti amerika bazarında GLE krossoverinin yeni modifikasiyasını təqdim edib. Mercedes-Benz GLE 580 4Matic modeli V8 mühərrikinin əsasında yaradılmış “yumşaq” hibrid qurğuya sahib olub.

Mercedes-Benz GLE 580 4Matic modelinin kapotunun altında 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki yerləşir. Benzin mühərrikin hasilatı 490 at qüvvəsi və 700 Nm-dir.  Hibrid əlavə isə 48 voltluq elektrik şəbəkəsindən qidalanan startyor-generatordan (ISG) ibarətdir. Sürətlənmə zamanı benzin mühərrikinə yardım edən və enerjinin rekuperasiyasına cavabdeh olan bu qurğu 21 at qüvvəsinə və 250 Nm fırlanma anına malikdir.

Mercedes-Benz GLE 580 4Matic modelini  təchizatına səs komandaları ilə idarə edilən və sərnişinlərin hərəkətlərini proqnozlaşdıran Interior Assistant funksiyasına malik olan MBUX mediakompleksi, Airmatic pnevmoasqısı, salonun dəri ilə tərtibatı və AMG Line eksteryer dəsti daxil edilib. Əlavə ödənişlə krossoveri E-Active Body Control hidropnevmatik asqı sistemi və 22-düymlük təkər diskləri ilə təchiz etmək olar.