Rəqib Lincoln markasından fərqli olaraq, Cadillac hələ də ABŞ-da ənənəvi minik avtomobillərini təklif edir. Üstəlik, hazırda Escalade modelinin flaqman səlahiyyətləri tezliklə daha dəbdəbəli və statuslu minik modelinə keçməlidir. Bu model Cadillac Celestiq elektromobilidir. Bu gün amerikan istehsalçısı gələcək seriya modelinə mümkün qədər yaxın olan konsepti təqdim edib.

Amerikan istehsalçısı Celestiq modelini sedan adlandırır, əslində isə, qarşımızdakı avtomobil liftbəkdir: baqaj bölməsi ilə sərnişin bölməsi birləşdirilib, baqaja giriş isə, yuxarı açılan arxa pəncərə vasitəsilə həyata keçirilir.

Dizaynerlər yeni flaqmanı yaradarkən, zəmanəsinin ən dəbdəbəli avtomobillərindən sayılan 1930-cu illərin klassik Cadillac V-16 və 1957-ci ilin Cadillac Eldorado Brougham modellərindən ilham aldıqlarını bildirirlər. Lakin konseptin xarici görünüşündə, arxa işıqların qeyri-adi forması da daxil olmaqla, ən son Cadillac Lyriq krossoverinin tanış cizgilərini görmək olar.

Salonda fərdi tənzimlənmə, isitmə və havalandırma funksiyası olan dörd ayrıca oturacaq var, elektrik ötürməsinin idarəetmə panelləri isə, Mercedes-Benz avtomobillərinə olduğu kimi qapılarda yerləşir. Ön panelin eni boyunca uzanan bütov ekranın ölçüsü 55 düymdür.

Qeyd etmək gərəkdir ki, yan arxa görüntü kameralarından alınan təsvirin yayımlandığı qapılardakı əlavə displeylər buraya daxil deyil. Ekranın sağ tərəfini yalnız sərnişin üçün görünən etmək olar ki, bu da sürücünün diqqətinin yayınmasının qarşısını ala bilər. Məsələn, öndəki sərnişin filmə baxdıqda sürücünün diqqəti yoldan yayınmayacaq.

Arxa sərnişinlərin ixtiyarına üç displey verilib - mərkəzi displey servis funksiyalarını idarə etmək üçün nəzərdə tutulub. Panoram dam dörd hissəyə bölünür və onun şəffaflığı fərdi olaraq dəyişdirilə bilər. Bundan başqa, flaqman elektrokarı yeni nəsil Ultra Cruise avtopilotu ilə də təchiz ediləcəkdir.

Xatırlatmaq istəərdik ki, bu sistem üzərində çalışmalar hələ də davam edir. Görünən odur ki, Cadillac Celestiq belə avtopilotu alan ilk model olacaqdır. Təəssüf ki, avtomobil haqqında başqa texniki detallar açıqlanmayıb. Yeganə məlum olan, onun Ultium modul platformasına əsaslandığıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Celestiq xırda seriya ilə buraxılacaq və çox bahalı olacaqdır. Üstəlik o, GM konserninin Uorrendəki (Miçiqan) elmi-texniki mərkəzində buraxılacaq ilk avtomobil olacaqdır. Mərkəz 1956-cı ildən fəaliyyət göstərir, lakin indiyədək burada yalnız mühəndislik işləri görülüb və bəzi komponentlər istehsal olunub.

Cadillac Celestiq sedanları əl ilə yığılacaq və onların istehsalında 3D çap texnologiyalarından geniş istifadə olunacaqdır. Eyni zamanda, istehsalın başlanmasına hazırlıq işlərinə qoyulacaq investisiyaların məbləği cəmi 81 milyon dollar təşkil edəcəkdir. Cadillac seriya modelini bu ilin sonuna qədər təqdim etməyə söz verib. Flaqman elektrokarı 2023-cü ildə satışa çıxmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.