Honda şirkəti Cenevrədə daha bir maraqlı konsept nümayiş etdirəcəkdir. Bu, Avropa dizayn institutunun (İED) nəqliyyat dizaynı bölümünün tələbələrinin hazırladığı Honda Tomo pikapıdır. Layihə Honda şirkətinin dizayn bölümünün və Automobili Pininfarina atelyesinin şef-dizayneri Luka Boqonyonun hamiliyi ilə həyata keçirilib. Konsepti EDAG firmasının İtaliyadakı bölməsi inşa edəcəkdir.

Maraqlıdır ki, layihə üzərində çalışan 13 tələbənin yarısı hindlilərdir. Layihənin əsası olaraq meksikalı Rikardo Orteqanın təklifi götürülüb. İnteryer konsepsiyasının müəllifi isə hindli Rudrakş Banerjidir.  Çox güman ki, avtomobilin qabaritlərinin yığcam olması bununla izah edilir: 3,99 metrlik uzunluğu olan pikap seriyaya gedərsə, hindistan bazarında güzəştli dördmetrlik avtomobillər kateqoriyasına düşəcəkdir.

Məlum məsələdir ki, konsept xarakteristikaları naməlum olan elektrik mühərriki ilə təchiz ediləcəkdir. Layihənin əsas məqsədi yaxın altı il üçün gənc auditoriya üçün ideal nəqliyyat vasitəsinin yaradılmasıdır. Bu avtomobil həm şəhərdə, həm də şəhərdən kənarda gənclərin yardımcısı olmalıdır. Çox güman ki, seçilmiş ad da buna işarə edir: Tomo yaponcadan tərcümədə “dost” deməkdir.