Federal Tədqiqatlar Bürosu və İnterpolun əməkdaşları, Dubay polisi ilə birlikdə sahibkar və İnstagram bloqqer Raymond Abbası həbs edərək, ona məxsus olan superkarlarının kolleksiyasını müsadirə ediblər. Abbas kiber fırıldaqçılıqda və 430 milyon dollar məbləğində pulu yuymaqda şübhəli bilinir.

İnstaqramda Hushpuppi ləqəbi ilə tanınan Abbas dəbdəbəli həyat sürürdü: o, lüks maşınlar alır, şəxsi təyyarəsi ilə uçur və ən yaxşı otellərdə qalırdı. Onun kolleksiyasında bir neçə Rolls-Royce (Cullinan və Wraith) Bentley Bentayga, Range Rover Sport, Mercedes-Benz G-Class, Ferrari 488 GTB, Maybach S650 və digərləri də daxil olmaqla, onlarla bahalı avtomobil var idi.

The Drive nəşrinin bildirdiyinə görə, Nigeriyanın Laqos şəhərində sekon-hənd geyim mağazası ilə başlayan Abbas, 2,4 milyonluq İnstaqram izləyicisi ilə uğurlu influenser olub. FTB və İnterpol onun şəxsiyyəti ilə maraqlanandan sonra, Abbas kiber cinayətlərdə iştirak edə biləcəyi məlum olub: istifadəçilərin kredit kartları haqqında məlumatları oğurlamaq üçün, Abbas və yoldaşları tanınmış şirkətlərin və bankların saxta saytlarını yaradıblar.

Bu işdə şübhəli bilinən 11 nəfər ilə birlikdə, Dubayda keçirilən xüsusi əməliyyat zamanı Abbas saxlanılaraq həbs edilib. İnstagram bloqqerinin evində 37 milyon dollar pul və ondan çox lüks avtomobil aşkar edilib.

Abbas, ona qarşı ittiham irəli sürüləcək Nigeriyaya ekstradisiya ediləcək.