Jeep Gladiator pikapı bu gün amerka bazarında ən çox tələb olunan modellərdən biridir. Avtomobil keçən ilin noyabrında keçirilən Los Anceles avtosalonunda debüt etsə də, onun satışlarına bu ilin ikinci rübündə başlanıb. Pikapın diler şourumlarında yeni peyda olmasına baxmayaraq, Hennessey atelyesi onun ekstremal variantını hazırlamağa imkan tapıb.

Texas atelyesinin Hennessey Maximus 1000 adlandırdığı pikapın kapotunun altında 6,2-litrlik V8 Hellcat mühərriki yerləşdirilib. Güc aqreqatının hasilatı 1000 at qüvvəsi və 1264 Nm təşkil edir. Xatırladaq ki, Dodge Challenger SRT Redeye modelində bu mühərrik 808 at qüvvəsi və 957 Nm fırlanma anı hasil edir.

Image alt Image alt Image alt

Hellcat mühərrikinin quraşdırılması avtomobilin soyutma və yanacaq sistemlərinin təkmilləşdirilməsini, həmçinin elektrik naqillərinin dəyişdirilməsini tələb edib. Əlbəttə ki, yeni mühərrik paslanmayan poladdan hazırlanmış buraxılış sisteminə də sahib olub.

Bundan başqa, pikap 6-düymlük liftinqlə, 20-düymlük təkər diskləri və BF Goodrich KD yolsuzluq şinləri ilə də təchiz edilib. Gladiator yeni ön və arxa bamperə, LED fənərlərə və dəri ilə üzlənmiş salona da malik olub. Yeganə məsələ Maximus 1000 pikapının satış qiymətidir. Ekstremal pikapı əldə etmək istəyənlər onun üçün 200 min dollar ödəməyə hazır olmalıdırlar.