Peugeot şirkəti avtomobil sənayesində aksessuarlar yaratmaq üçün 3D çap texnologiyasından istifadə edən ilk şirkətlərdən biridir. Məhsul çeşidi hələlik çox kiçikdir - bu, Peugeot 308 modeli üçün uyğun gələn eynək qutusu, stəkanaltı və smartfon tutacağıdır. Aksessuarlar HP və BASF tərəfindən yaradılmış elastik termoplastik Ultrasint polimerindən, çoxşırnaqlı əritmə və ya başqa sözlə, Multi Jet Fusion (MJF) texnologiyasından istifadə etməklə hazırlanır.

Aksessuarların yeni çeşidi Peugeot şirkəti, polimer istehsalçısı Mäder və aşqarlar istehsal edən ERPRO şirkətləri arasında əməkdaşlığın nəticəsidir. Aksessuarlar HP Multi Jet Fusion printerdə elastik Ultrasint termoplastik polimerindən hazırlanır. Başlanğıcda bu material toz şəklindədir, daha sonra ona bağlayıcı maddə və hazır detalın səthini hamarlayan xüsusi agent (detailer) əlavə olunur.

Image alt Image alt Image alt Image alt Image alt

Printer bütöv detal çap olunana qədər, aqentlərlə qatılmış tozu qat-qat əridir. Sonra məhsul toz qalıqlarından təmizlənir, qumla emal olunur və rənglənir. MJF texnologiyası selektiv lazer bişirməsi Selective Laser Sintering (SLS) texnologiyasına bənzəyir, yalnız o daha keyfiyyətli detalları əldə etməyə imkan verir, həm də bu işə daha az vaxt sərf edir. Beləliklə, SLS ilə bişirmə və soyutmaya 30 saata qədər, MJF ilə isə 12,5 saat vaxt sərf edilir.  Sürətləndirilmiş soyutma tətbiq edildikdə bu müddət dörd saata qədər azaltmaq olar.

Hələlik Peugeot yalnız eynək qutularını, stəkanları və smartfon tutacaqlarını çap edir, lakin fransızlar gələcəkdə bu siyahını genişləndirməyi planlaşdırırlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.