Beşinci nəsil Kia Sportage krossoverinin təqdimat tarixi məlum olub. Yeni krossoverin təqdimatı 8 iyun tarixində keçiriləcəkdir. Artıq avtomobillərin seriya öncəsi istehsalına başlanılıb, buna baxmayaraq, Kia şirkətinin mətbuat xidməti yeni modelin ilk tizerlərini dərc etmək qərarına gəlib.

Yeni nəsil Sportage modeli sələfindən daha böyük olacaq və son on bir ildə ilk dəfə olaraq imicini dəyişdirəcəkdir. Qeyd etmək lazımdır ki, üçüncü və dördüncü nəsildən olan avtomobillər demək olar ki, eyni kuzov formasına malikdirlər, yeni model isə digər nisbətlərə və arxa dayaqlardakı əlavə pəncərələrə sahib olacaqdır. Bundan başqa, işıq texnikasının qeyri-adi formaları və ayrı dayaqlarda quraşdırılmış yan güzgülər də diqqət çəkir.

İnteryer konsepsiyası müasir üslubdadır – dərc edilmiş tizerdən göründüyü kimi, cihazlar panelinin və multimedia sisteminin 12,3-düymlük ekranları vahid paneldə birləşdiriliblər.Yeni krossoverin texniki hissəsi barədə heç bir məlumat verilməyib, lakin Sportage modelinin yeni nəsil Hyundai Tucson krossoveri ilə eyni mühərrik və transmissiya çeşidinə sahib olacağı ehtimalı yüksəkdir. Yəni satış bazarından asılı olaraq krossover atmosfer mühərrikləri, turbomühərriklər, dizel mühərrikləri və hibrid güc qurğuları ilə təchiz ediləcəkdir.

Beşinci nəsil Kia Sportage krossoverinin Cənubi Koreyadakı satışlarına iyul ayında başlanmalıdır. Sonradan yeni krossover digər bazarlarda da təklif ediləcəkdir.