Nissan şirkəti yenilənmiş Navara (bəzi bazarlarda Frontier) pikapına həsr edilmiş videotizeri dərc edib. Model restaylinqdən keçib, mövcud olan opsiyalar siyahısı genişlənib və müasir 2,3-litrlik biturbodizel ilə təchiz edilib. Yenilənmiş pikap 5 noyabr tarixində nümayiş etdirilməlidir.

Artıq yenilənmiş pikap ilə bağlı bəzi məlumatlar vardır. Pikapın tamamilə LED optikaya, daha iri radiator barmaqlığına və bu barmaqlığın üzərində həkk edilmiş Navara yazısına sahib olacağı gözlənilir. Mühərrik çeşidi bazardan asılı olaraq dəyişəcəkdir. Məsələn, Tailandda pikap 190 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,3-litrlik biturbodizel ilə təklif ediləcəkdor. Bu güc aqreqatı köhnəlmiş 2,5-litrlik dizel mühərrikini əvəzləyəcəkdir. Yeddi pilləli "avtomat" dəyişilməz olaraq qalacaqdır.

Avropa bazarında satılan Navara modeli keçən yay yenilənib. Avropada pikap 2,3-litrlik biturbodizel və  6-pilləli mexaniki ötürmələr qutusu ilə təklif edilir. Bundan əlavə, yenilənmiş Navara, səkkiz düymlük ekrana sahib olan və avtomobilə məsafədən nəzarət etməyə imkan verən onlayn servislərə çıxışı olan NissanConnect məlumat-əyləncə sistemini əldə edib.

Modelin Frontier adı ilə satıldığı Şimali Amerikaya gəldikdə isə, burada pikap fərqli bir şəkildə yenilənəcəkdir. Pikap, Mercedes-Benz X-Class modelindən alınmış yaylı asqını və 9-pilləlii "avtomat" ilə tandemdə çalışan yeni 3.8-litrlik V6 mühərrikini alacaqdır.