Pagani şirkəti Huayra modelini əvəzləyəcək və C10 kimi tanınan yeni hiperkarın bəzi detallarını açıqlayıb. C10 modeli Mercedes-AMG bölməsinin məhsulu olan V12 mühərrikinə, mexaniki ötürmələr qutusuuna və tanınan görünüşə sahib olacaqdır. Berlinettanın təqdimatı sentyabrın 12-də baş tutmalıdır. Hələlik isə, italyan istehsalçısı yeni hiperkarın eksteryer və dəbdəbəli interyeri nümayiş olunan videotizeri yayıb.

Pagani C10

Pagani Huayara hiperkarının varisinin ilk şəkli ilin əvvəlində qeyri-rəsmi kanallar vasitəsilə internetə sızdırılıb. İndi isə, italyan istehsalçısı yaydığı tanıtım çarxında yeni modelin bəzi detallarını açıqlayıb. Video, C10 modelinin Pagani markasına xas olan dəyirmi fənərlər və buraxılış sisteminin dörd çıxış borusu kimi xüsusiyyətləri qoruyub saxlayadığını bir daha təsdiq edir.

Pagani Huayra Codalunga

Hiperkar Mercedes-AMG bölməsinin 6,0-litrlik V12 biturbo mühərrikini və preselektiv “robotu” alacaqdır. Açıq mexanizmli selektoru olan mexaniki transmissiya opsiya kimi təklif ediləcəkdir. Güc baxımından hiperkar infernal Huayra R hiperkarına yaxın olmalıdır - yəni, 850 at qüvvəsinə və hətta daha artığına ümid etmək olar. İstehsalçının bildirdiyinə görə, C10 hiperkarında əsas diqqət çəkini azaltmağa yönəldilib, ona görə də, avtomobilin dizaynı ciddi dəyişikliklərə məruz qalmayıb.

C10 ilə Huayra modelini müqayisə etsək, birincinin fərqli tərtibatlı ön və arxa hissələrə və fənərlərə malik olduğu görünür. Kokpit örtüyü də bir qədər daha həcmli ola bilər. Bununla belə, ən diqqətçəkən yenilik Bugatti Chiron modelinin Sky View panelləri üslubunda quruluşa malik olan panoramik damdır. C10 modelində Huayra Codalunga hiperkarına istinadların tapılacağı da istisna olunmur. Xatırladaq ki, Codalunga 1960-cı illərin Le Man sportprototiplərindən ilham alınaraq yaradılmış “uzun quyruqlu” Huayra modelidir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.