Şayiələr rəsmi olaraq təsdiqlənib – Pekin avtosalonunun təşkilatçıları tədbirin təxirə salındığını bildiriblər. Səbəb isə eynidir – Çində yenidən baş qaldırmış koronavirus pandemiyası. Səma İmperiyasında yeni ştamm mart ayının əvvəlindən yüksək sürətlə yayılmaqdadır və hətta bir neçə şəhər karantinə bağlanıb. Odur ki, təşkilatçılar belə şəraitdə avtosalonun keçirilməsini məqsdəuyğun saymayıblar.

Pekin avtosalonu ilin əvvəlindən bu günə qədər keçiriləcək ən böyük avtosalon olmalı idi. Onun açılışı 21 aprel tarixinə planlaşdırılırdı. Yerli təqdimatlarla yanaşı, qlobal modellərin ilk kütləvi debütü də planlaşdırılmışdı. Məsələn, məhz çinlilər ilk dəfə canlı olaraq qlobal BMW 7 Series sedanını və Mercedes-Benz EQS SUV krossoverini görməli idilər. Faktiki olaraq, bu avtomobilləri sərgi öncəsi göstərməlidirlər. Pekin avtosalonunun daha sonrakı tarixə təxirə salındığı elan edilsə də, tədbirin keçiriləcəyi yeni tarix hələlik açıqlanmayıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.