«Car» nəşrinin bildirdiyinə görə, Porsche 718 Cayman və 718 Boxster modellərinin növbəti nəsli elektrik güc aqreqatı ilə hərəkətə gələcəkdir. Yeni modellərin əsasını tamamilə s;f;rdan hazırlanmış platforma təşkil edəcəkdir.

Yığcam sportkarların arxitekturasının hazırlanması prosesinə Rimac mütəxəssislərinin cəlb ediləcəyi də ehtimal olunur. Sportkarların əsas elementlərinin elektriklə hərəkətə gələn növbəti nəsil Porsche Macan modelindən alınacağı da istisna olunmur.

İstənilən halda, kupe və rodsterin konstruksiyasında alüminiumdan geniş istifadə ediləcəkdir. Sportkarların bir və ya iki elektromotor ilə təklif ediləcəyi də ehtimallar arasındadır. İki mühərrikə malik olan ən güclü versiyanın güc aqreqatlarının ümumi hasilatı 400 at qüvvəsi təşkil edəcəkdir. Bu modifikasiya, GT4 istisna olmaqla, ən güclü Porsche 718 modeli ola bilər. Çox güman ki, gələcək elektrik rodsteri və kupesi də indiki modellər kimi ənənəvi S və GTS indekslərini qoruyub saxlayacaqdırlar.