Yeni avtomobillərin ovuna çıxan casuslar son sınaqlardan keçən Porsche Taycan Cross Tourismo universalının sınaq prototipini çəkməyə müvəffəq olublar. AutoExpress nəşri tərəfindən yayımlanan şəkillərdə, elektromobilin yeni versiyası demək olar ki, kamuflyajdan məhrumdur. Yeni şəkillər sayəsində yeni elektrokarın dizaynı haqqında müəyyən mülahizə yürütmək olar.

Fotoşəkillərdən göründüyü kimi, universal kuzovlu variant adi Taycan sedanından elə də fərqlənmir: əsas fərq yenidən dizayn edilmiş arxa hissədən, uzadılmış dam örtüyündən və artırılmış klirensdən ibarətdir. Elektromobilin profili, Porsche şirkətinin 2018-ci ildə nümayiş etdirdiyi Mission E Cross Turismo konsept avtomobilini xatırladır. Hər iki Taycan modeli eyni platformada - Premium Platform Electric (PPE) platformasında inşa edilib.

Böyük ehtimalla, universal kuzovlu Taycan Cross Turismo modelinin texniki hissəsi adi Taycan sedanı ilə eyni olacaqdır. Çox güman ki, Taycan Cross Turismo 4S baza versiyası 530 at qüvvəli elektrik güc qurğusu və 79,2 kilovat-saatlıq batareya ilə təchiz ediləcəkdir. Daha sonra elektrik universalının modifikasiya çeşidinə 680 at qüvvəli Turbo və 93.4 kilovat-saatlıq litium-ion batareyası olan 761 at qüvvəli Turbo S modelləri qatılacaqdırlar.

Image alt Image alt Image alt Image alt

İlkin olaraq, Porsche şirkətinin bir ildən çoxdur ki hazırladığı universalı dekabr ayının sonuna qədər göstərilməsi planlaşdırılırdı. Ancaq koronavirus pandemiyasının yaratdığı problemlər və sedan kuzovlu Taycan modelinə olan aşağı tələbat səbəbi ilə, universalın təqdimatı 2021-ci ilə qədər təxirə salınıb. Yeni elektrokarın dəqiq debüt tarixi hələlik açıqlanmayıb.

Porsche Taycan Cross Tourismo modeli alman markasının Zuffenhauzendəki zavodunda buraxılacaqdır.