Niderlandın Autovisie nəşri yeni Porsche hibrid hiperkarının patent görüntülərini dərc edib. Təsvirlərdən göründüyü kimi, alman istehsalçısı Porsche 918 Spyder hibridinin varisini hazırlayır. Görünən odur ki, Porsche dizaynerləri yeni superhibridi yaradarkən, 50 il bundan öncə, nüfuzlu "Le Manın 24 saatı" marafonunda qalib gəlmiş 917 sportprototipindən ilham alıblar.

Yeni hiperkarın xarici görünüşü, keçən ilin mart ayında debüt edən müasir 917 konsepsiyasına üslubunda dizayna malikdir. Patent fotoşəkillərində salonun tək oturacaqlı quruluşunu, qeyri-adi qapı mexanizmini və müasir Porsche modelləri üslubunda tərtibata malik olan işıq texnikasını görmək olar.

Yeni hiperkarın texniki hissəsi barədə məlumat ümumiyyətlə mövcud deyil, lakin avtomobilin elektrokar olmayacağı bəllidir. Daxili yanma mühərrikinin olmasına yanacaq çəninin qapağı və səsboğucu sistemin çıxış boruları işarə edir. Böyük ehtimalla, Porsche 918 Spyder modelinin varisi yenə də hibrid olacaqdır.

Hiperkarın təchiz ediləcəyi güc qurğularından biri, vaxtı ilə Formula 1 üçün hazırlanmış altısilindrli turbomühərrik ola bilər. Hər halda, alman istehsalçısı kifayət qədər vəsait xərcləyərək hazırladığı mühərrikin anbarın bir küncündə tozlanmasına razı ola bilməz. Bu halda, Porsche superhibridi Mercedes-AMG One hiperkarına cavab olacaqdır. Çox güman ki, hibrid güc qurğusunun hazırlanmasına xorvat Rimac şirkətinin mühəndisləri də cəlb ediləcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt

Porsche hiperkarınin istehsalına, ən yaxşı halda, 2025-ci ildə başlana bilər. Lakin bu, təfərrüatların daha əvvəl açıqlanmayacağı anlamına gəlmir: alman şirkətinin flaqman modelinin prototipinin 2020-ci ildə göstəriləcəyi də istisna olunmur. Hər halda, Porsche 917 sportprototipinin ilk qələbəsinin yarım əsrlik ildönümünə layiqli həddiyə hazırlamaq niyyətindədir.

Mənbə: AutoVisie.nl