Avtomobil, avtoidman və təyyarə oturacaqlarının istehsalı üzrə ixtisaslaşmış Recaro şirkəti Nürburqrinq trekinə həsr etdiyi yeni Sportster CS xəttini təqdim edib. Recaro Nurburgring Edition Sportster CS adlandırılan kreslolar məhdud saylı seriya ilə buraxılacaqdır. Kreslolardan həm adi, həm də yarış avtomobillərində istifadə etmək olar.

Nurburgring Edition seriyasından olan kreslolardan cəmi 999 ədəd buraxılacaqdır. Şirkətdən verilən məlumatda yeni seriyadan olan kresloların yarış treklərində və onlardan kənarda güclü yan dəstəyi və bədənin etibarlı fiksasiyası ilə yanaşı, maksimal rahatlığı təmin edəcəyi bildirilib. Recaro Nurburgring Edition Sportster CS kreslosunu həm sürücü, həm də sərnişin üçün istifadə etmək olar. Yüngül karkasa və nazik kürək hissəsinə malik olan oturacaq qara dəri ilə örtüləcək və qırmızı tikişlərə malik olacaqdır. Oturacaq başlığına Nürburqrinqin «Şimal ilgəyinin» sxemi və trekin adının ikirəngli yazısı həkk ediləcəkdir.

Məhdud sayda olan kresloların digər xüsusiyyətləri arasında bir neçə istiqamətdə tənzimləmə, quraşdırılmış qızdırılma funksiyası və əlavə yan hava yastığı, həmçinin kreslonun xüsusi seriyada olan sıra nömrəsini göstərən nişanlanma vardır.