Rolls-Royce şirkəti Birləşmiş Krallıq, kontinental Avropa, Yaxın Şərq və ABŞ-dakı müştəriləri üçün firma Whispers mobil tətbiqinə girişi açıq elan edib. Bu tətbiq qapalı sosial şəbəkənin və konsyerj xidmətinin imkanlarını özündə cəmləşdirir. Yalnız yeni Rolls-Royce avtomobillərinin sahibləri "dünyanın ən imtiyazlı klubuna” üzv ola bilərlər.

Şirkətdən verilən məlumata görə, Whispers tətbiqi ilk növbədə digər Rolls-Royce sahibləri,Rolls-Royce Motor Cars şirkətinin icraçı direktoru və direktorlar şurasının üzvləri ilə ünsiyyət qurmaq üçün bir platformadır. Xidməti, yalnız daha qapalı və elitar olan peşəkar LinkedIn sosial şəbəkəsi ilə müqayisə etmək olar - onun iştirakçıları da, həmçinin, yeni əlaqələr qura, iş imkanlarını paylaşa və əlaqələri gücləndirə bilərlər.

Lakin, iş təkcə ünsiyyət ilə məhdudlaşmır. Tətbiq sayəsində Rolls-Royce müştəriləri müxtəlif fərdi layihələrə giriş, şou-biznes ulduzlarının və simfonik orkestrlərin bağlı çıxışlarına bilet sifariş etmək, unikal tədbirlərə qoşulmaq və Antarktidaya göndəriləcək ekspedisiyaya yazılmaq da daxil olmaqla, yeni təcrübə yaşamaq imkanı əldə edir. İstehsalçının birldirdiyinə görə, Whispers dünyanın ən nüfuzlu və görkəmli insanlarını birləşdirən "rəqəmsal kainata" çevrilməlidir.