Hyundai şirkəti Seulda keçirilən avtosalonda “qaynar” Veloster N hetçbekinin Performance Car adını almış aqressiv variantını təqdim edib. Avtomobil konsept-kar statusundadır və modelin zavod üsulu ilə təkmilləşdirilməsinin imkanlarını nümayiş etdirir.

Ümumilikdə, asimmetrik “qaynar” hetçbek 45 tüninq elementini əldə edəcəkdir. Bunların arasında 14 element texniki hissəyə aiddir. Model üçün, karbondan hazırlanmış ön splitteri, “ətəkləri”, diffuzoru və arxa spoyleri olan aerodinamik kuzov dəstini hazırlayıblar. Avtomobil, həmçinin yeni bamperə, iri hava girişi olan kapota və yan güzgülərin gövdələrindəki narınci aksentlərə sahib olub. Yeni aerodinamik kuzov dəsti və yüngül OZ təkər diskləri sayəsində avtomobilin çəkisi 30 kiloqram azalıb.

Bundan başqa, “qaynar” hetçbek EXT Shock sərt amortizatorları olan hündürlüyü azaldılmış asqı, altıporşenli Alcon əyləc mexanizmləri, Pirelli P-Zero Corsa şinləri, daha güclü səsi olan buraxılış sistemi, Sabelt kresloları, başqa sükan və ötürmələr qutusunun dəstəyi ilə təchiz edilib. Salon tərtibatında isə, alkantara və karbondan istifadə edilib.

Hyundai Veloster N heçbeki 275 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz edilir. Hyundai Veloster N modelinin güc aqreqatı gücləndirilmiş muftası və qısaldılmış qolu olan altı pilləli mexaniki sürətlər qutusu ilə tandemdə çalışır. Modelin təchizatına idman xarakteristikalarına malik olan sükan idarəetməsi və elektronika ilə idarələnən asqı sistemi daxildir. Hetçbek beş rejimi (Normal, Sport, N, Eco və N Custom) olan N Grin Control sisteminə sahib olub.