Skoda şirkəti 2021-ci il üzrə qlobal satışları barədə məlumatı dərc edib: pandemiya və mikroçip qıtlığına baxmayaraq, çex istehsalçısı dünya üzrə 878,2 min avtomobil satmağa müvəffəq olub. Bu, 2020-ci ildə olduğundan 4,4% azdır. Çex istehsalçısı cari ilin ikinci yarısında yarımkeçiri qıtlığının aradan qalxacağını və bunun istehsal həcmlərinə müsbət təsir göstərəcəyini gözlədiyini açıqlayıb.

2021-ci ildə Skoda markasının bestselleri dünya üzrə 200,8 min tirajla satılmış Octavia modeli olub. Lakin bu rəqəm 2020-ci ildə olduğundan 22% azdır. İkinci yerdə 120,7 min (- 6,1%) nüsxəlik satışla Kamiq krossoveri qərarlaşıb. Üçüncü yeri isə 119,2 min nüsxədə satılmış Karoq modeli tutub.

İlk beşliyə Fabia (99,1 min) və Kodiaq  (98,6 min) modelləri də daxil olublar. Fabia modelinə olan tələbat 6,0%, Kodiaq modelinə olan tələb isə 25,1% aşağı düşüb. Skoda şirkəti Enyaq elektrik krossoverini də ayrıca qeyd edib – çex markasının ilk elektrokarı ili 45 min nüsxəlik satışla başa vurub.

Xatırladaq ki, 2022-ci ildə Skoda şirkəti Kodiaq və Karoq modellərinin yenilənmiş versiyalarını, habelə Enyaq Coupe İV kupe-krossoverini təqdim etməyi planlaşdırıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.