Daimler AG və Geely konsernlərinin şərikli sahib olduqları smart markası Frankfurt avtosalonunda yenilənmiş EQ fortwo və forfour modellərini nümayiş etdirəcəkdirlər. Benzin mühərriklərindən məhrum edilmiş avtomobillər 82 at qüvvəsi və 160 Nm fılrlanma anı hasil edən elektromotorla təklif edilirlər.

Əslində smart modelləri artıq bir neçə ildir ki, benzin modifikasiyası ilə yanaşı elektrik versiyalarında təklif olunurlar. Bundan sonra, yığcam şəhər avtomobilləri yalnız elektrik ötürməsi ilə hərəkətə gələcəkdirlər. 22 kilovatlıq yükləmə terminalından 17,6 kilovat-saatlıq batareyanın 80 faizinin doldurulmasına 40 dəqiqə kifayət etməlidir. Adi məişət şəbəkəsindən istifadə zamanı isə, bu işə 3,5 saat vaxt tələb olunur. Smart EQ fortwo və forfour modelləri 60 km/saat həddinə 4,8 saniyəyə sürətlənirlər. Elektrokarlar dolu batareya ilə 159 km məsafə qət edirlər.

smart forfour

Avtomobillərin texniki hissəsində yenilik olmasa da, eksteryer və interyerində bir sıra dəyişikliklər baş vermişdir. İlk növbədə, ön bamperdəki iri ölçülü hava girişi diqqəti çəkir - radiator barmaqlığı isə, artıq tarixə qovuşub.  Ön fənərlərin quruluşu da dəyişib: indi ön fənərlər üç LED elementdən ibarətdirlər. Bu elementlər nəinki yaxın və uzaq işıqlar kimi işləyə, həmçinin dönmə işıqları funksiyasını da yerinə yetirə bilərlər. Bamperdə olan əlavə elementlər də işıqdiodlarından hazırlanıb: bunlar, duman əleyhinə fənərlər və qapıların kilidinin açılmasında sonra sürücünü “salamlayan” işıq elementləridir.

Ən maraqlısı odur ki, 4-qapılı ForFour modeli ikiqapılı variantdan təkçə ölçüləri və qapı sayı ilə deyil, həmçinin bamperlərin quruluşu ilə seçilir. Məsələn, duman əleyhinə fənərlər hava girişinə inteqrasiya edilib. Arxa fənərlər də işıqdiodlarından hazırlanıb və orijinal tərtibata sahib olublar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İnteryerin şəkilləri dərc edilməsə də, mərkəzi konsolda dəyişikliyin olacağı bildirilib. Burada xırda əşlayaları saxlamaq üçün yerlər peyda olmalıdır. Bundan başqa, 8-düymlük ekranı olan multimedia sisteminin modelin avadanlıq siyahısına daxil edildiyi söylənilir. Multimedia sistemi smartfonla birləşməni dəstəkləyir və proqram təminatını məsafədən yeniləməyə imkan verir. Bundan başqa, şəxsi qadcetlər vasitəsi ilə avtomobilin vəziyyəti haqqında məlumat almaq, bir sıra funksiyaları aktivləşdirmək və avtomobili dostlarınız ilə “bölüşmək” olar. Xüsusi icazə alındıqdan sonra, dostunuz və sifarişlərin çatdırılması xidmətinin əməkdaşı öz smartfonundan Smart modelini aça bilər.