Amerikan SSC North America şirkəti 10 oktyabr tarixində peşəkar yarışçı Oliver Vebin idarə etdiyi Tuatara hiperkarının seriya avtomobilləri üçün yeni sürət rekordunu qeydə aldığını təsdiqləyib. Nevada əyalətinin Pahramp şəhərinin yaxınlığında yerləşən 160 kilometrlik State Route 160 avtomagistralının 11 kilometrlik hissəsindəki keçirilən iki cəhdin nəticəsinə görə 508,73 km/saatlıq yeni rekord qeydə alınıb - bu, Koenigsegg Agera RS modelinin üç il əvvəl burada qeydə aldığı sürət rekordundan 61,76 km/saat çoxdur.

Ginnessin Rekordlar Kitabının qaydalarına görə, əks istiqamətdə həyata keçirilən iki gedişin orta sürəti əsas kimi götürülür və bunun üçün müraciət edənlərin düz bir saat vaxtı var. Üç il əvvəl, eyni magistral yolda, Koenigsegg şirkətinin test sürücüsü Niklas Lilya Agera RS hiperkarı ilə ilk cəhddə 437 km/saat, ikinci dəfə isə 457 km/saat sürətini qeydə almağa müvəffəq olub.

Ancaq SSC daha da irəli getib. Avropa Le Mans seriyasının qalibi Oliver Veb, ilk cəhddə 484.53 km/saata sürətlənərək isveçlilərin rekordunu üstələyib. İkinci cəhddə isə inanılmaz bir nəticə göstərib - 532.93 km/saat. İki nəticənin ortalama nəticəsi 508,73 km/saat təşkil edib və hazırda seriya avtomobilləri üçün qeydə alınan yeni dünya sürət rekordudur. Üstəlik, SSC Tuatara yalnız Koenigsegg hiperkarının nəticəsini deyil, eyni zamanda, Bugatti Chiron Super Sport 300+ prototipinin keçən il qeydə aldığı qeyri-rəsmi nailiyyəti də (490.484 km/saat) yaxşılaşdırıb.

Eyni zamanda, SSC North America daha üç dünya rekordunu yeniləyib: "İctimai yolda ən yeyin sürət" (532.93 km/saat); "İctimai yolda ən yeyin mil" (503.92 km/saat) və "İctimai yolda ən yeyin kilometr" (517.16 km/saat).

Rekord yürüyüşü üçün standart şinləriləri olan və adi yanacaqla doldurulmuş tamamilə seriya avtomobili götürülüb. Sürət Dewetron GPS modulu ilə ölçülmüş, qlobal mövqeləşdirmə sisteminin kosmik seqmentini təşkil edən 32 peykdən orta hesabla 15-indən istifadə edərək avtomobilin hərəkətlərini izləmişdir.

Şirkətdə qeyd edildiyi kimi, yüksək sürətin əldə edilməsinə aşağı aerodinamik müqavimət əmsalı (0.279), ön və arxa oxlardakı optimal aerodinamik yük (37:63) sayəsində nail olunub. Xatırladaq ki, SSC Tuatara (avtomobil Yeni Zelandiyada yaşayan sürünənin adını daşıyır) 5,9-litrlik V8 biturbo mühərriki ilə hərəkətə gəlir. Adi benzinlə mühərrik 1385 at qüvvəsi, E85 yanacağı ilə isə 1774 at qüvvəsi hasil edir. Güc aqreqatı yeddi pilləli CIMA "robotu" ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt

SSC North America şirkətinin əsas rəqibi olan Koenigsegg firması yeni rekorda imza atmağa qərar verərsə, yəqin ki, Jesko Absolut hiperkarından istifadə edəcəkdir. Adi Jesko modelinin ultra aşağı müqavimət əmsalına (0.278) malikdir və nəzəri olaraq 532 km/saata qədər sürətlənə bilər. Düzdür, isveç hiperkarı o qədər də güclü deyil: onun 5,0-litrlik V8 mühərriki 1622 at qüvvəsi və 1500 Nm fırlanma anı hasil edir.