Tesla amerikan bazarının ən əhəmiyyətli seqmentlərindən biri olan pikap seqmentinə müdaxilə edib. Hər zaman olduğu kimi, İlon Maskın komandası nəqliyyat vasitəsinin yaradılmasında xüsusi kreativlik nümayiş etdirib. Marka mühəndisləri amerikan pikaplarının ənənəvi formalarını təkrarlamaqdan tamamilə imtina ediblər. Əldə edilən nəticə isə heyrətləndirməyə bilməz.

Tesla Cybertruck formalarına görə pikapdan daha çox Stealth təyyarəsinə bənzəyir. Pikapın bütün xarici panelləri rdüz səthə malikdirlər. Tesla mühəndislərinin ekzoskelet adlandırdığı aparıcı kuzov yüksək möhkəmlikli poladdan hazırlanıbdır. Kuzov panelləri, hətta balyoz və tapança gülləsindən belə qorxmur ki, şirkət nümayəndələri də bunu təqdimat zamanı nümayiş etdirməkdən çəkinməyiblər.  Düz şüşələr də adi analoqlarına nisbətən daha möhkəmdirlər. İlon Mask pikapda SpaceX layihəsindən olan kosmik raketlərdə tətbiq edilən materiallardan istifadə edildiyini söyləyib.

Tesla Cybertrack modelinin uzunluğu 5885 mm, eni – 2027 mm, hündürlüyü isə 1905 mm təşkil edir. Yük bölümü irəli çıxan appareli olan açılan arxa bortla təchiz edilib. Bundan başqa, yük bölümü elektrik ötürməsinə malik olan sərt sürüşən pərdə ilə bağlanır. Yük bölümünün uzunluğu 1981 mm, həcmi isə 2,8 kubmetrdir. Salonun arxa şüşəsini yük bölümünə birbaşa daxil olmaq üçün aşağı salmaq da olar. Pikapın yükgötürmə qabiliyyəti 1588 kiloqramdır.

Cybertruck’ın kuzovuna kvadrosikl asanlıqla daxil olur. Yeri gəlmişkən, pikapın təqdimatı zamanı “Kibertrakın” dizayn üslubunda hazırlanmış elektrik kvadrosikli də qeydə alınıb. Bundan başqa, pikap öndə də baqaj bölümünə malikdir. Daha iki bölmə qapıların arxasındakı kəsilmiş hissədə mövcuddur ki, onlara da giriş xarici lyuklar sayəsində mümkündür.

“Kibertrak”, klirensi dəyişməyə imkan verən adaptiv pnevmatik asqı ilə təchiz edilir: kuzovun yuxarı vəziyyətində klirens inanılmaz 406 mm təşkil edir. Nəzərə almaq lazımdır ki, pikapın altlığı praktiki olaraq düzdür. Pikapın giriş bucağı - 35, çıxış bucağı isə 28 dərəcədir. Tesla pikapın asfaltda döngələri “relslər üzərindəki kimi” keçəcəyini vəd edib.

Tesla Cybertrack üç modifikasiyada təklif ediləcəkdir. Lakin, Tesla modelin mühərriklərinin güc xarakteristikalarını və batareyaların tutumunu açıqlamayıb. Tesla Cybertruck modelinin baza variantı bir elektromotora və arxa çəkişə malik olacaqdır. Pikap 97 km/saat həddinə 6,5 saniyəyə sürətlənəcəkdir. Onun maksimal sürəti 177 km/saat təşkil edəcəkdir. Modelin yürüş ehtiyatı 400 km, yedəyə götürəcəyi qoşqonun çəkisi isə 3,4 ton olacaqdır.

Cybertruck Dual Motor modifikasiyası isə adından göründüyü kimi, iki elektromotora sahib olacaqdır. Bu modifikasiya 97 km/saata 4,5 saniyəyə sürətlənəcək, 193 km/saat maksimal sürət həddinə və 480 km yürüş ehtiyatına malik olacaqdır. Yedəyə alınan qoşqu 4,5 ton ola bilər. Top versiya sayılan Cybertruck Tri Motor öndə bir, arxada isə iki elektromotorun quraşdırılmasını nəzərdə tutur. Tri Motor 97 km/saata 2,9 saniyəyə sürətlənəcək və 209 km/saatlıq maksimal sürətə malik olacaqdır. 800 km qət edən pikap 6,4 tonluq qoşqunu yedəyə ala bilər. Tesla daha maraqlı bir məlumatı dərc edib: top versiya dördə bir mili 10,8 saniyəyə qət edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pikap minimalizm üslubunda dizayna malik olan altıyerli salon təklif edir. Salonda iri mərkəzi ekran quraşdırılıb və düymələr müşahidə olunmur. Şəkildəki şturval sonradan yerini adi sükan çarxına verəcəkdir. Pikapın standart təchizatına avtopilot daxil edilib. Tesla Cybertruck 250 kVt-lıq daimi cərəyanlı terminaldan elektrik yüklənməsini dəstəkləyir.

Tesla Cybertruck modelinə sifarişlər artıq qəbul edilir. Pikapın baza versiyası 39900 dollara, ikimühərrikli versiya – 49900 dollara, top versiya isə 69900 dollara qiymətləndirilin. Seriya istehsalına nə zaman başlanacağı elan edilməyib.