Qarşıdan gələn Cenevrə avtosalonunda avropa bazarında satılan Toyota Corolla modelinin yeni iki versiyasının təqdimatı gözlənilir. Bunlar, “idman” xarakterli Toyota Corolla GR Sport və kross-variant olan Toyota Corolla Trek-dir. Sonuncu Toyota ilə velosiped istehsalçısı olan Trek Bicycles şirkətinin birgə əməkdaşlığının nəticəsidir.

GR Sport versiyası orta və bahalı təchizat səviyyəsinə malik olan Corolla modelləri üçün nəzərdə tutulub. Bu versiya Corolla modelinin hetbek və universal kuzovlu Touring Sports variantları üçün nəzərdə tutulub. Bu versiyadan olan avtomobillər 1,8 və 2,0-litrlik mühərriklərin bazasında hazırlanmış hibrid güc qurğusu ilə təklif edilir, digərlərindən dekoru və təchizat səviyyəsi ilə seçilirlər. Toyota Corolla GR Sport modeli aerodinamik kuzov dəsti, yeni radiator barmaqlığı, arxa diffuzor, 18-düymlük təkər diskləri və idman oturacaqları ilə təchiz edilir. Modelin təchizat siyahısına duman əleyhinə fənərlər, LED işıq texnikası və xüsusi Dynamic Grey rəngi daxil edilib.

Image alt Image alt

Corolla Trek isə yalnız universal ola bilər. Trek modeli 20 millimetr artırılmış klirensi, bamper və təkər tağlarındakı plastik örtmələr, həmçinin 17-düymlük təkər diskləri ilə seçilir. Toyota Corolla Trek modeli yeddi düymlük displeyi olan multimedia sistemi, ikirəngli parça ilə üzlənmiş oturacaqlar və ağacdan dekor elementləri ilə təchiz edilir.

Image alt Image alt