Toyota Corolla modelinin bazasında yaradılmış krossover sürətlə yeni bazarları fəth etməyə davam edir. Corolla Cross keçən yay Tailandda debüt edib, sonradan Asiya bölgəsindəki bir çox ölkədə satışa çıxarılıb. Bundan başqa, krossoverin istehsalına Tayvanda da start verilib.

Keçən ilin yazında krossoverin Braziliyadakı zavodda yığılmasına başlanıb ki, buradan avtomobillər Cənubi Amerikanın digər ölkələrinə tədarük ediləcəkdir. İndi isə, Corolla Cross ABŞ bazarında debüt edib.

Toyota Corolla Cross Alabamadakı Mazda Toyota Manufacturing müştərək müəssisəsində istehsal olunan ilk model olacaqdır. Zavodun inşasına 2018-ci ildə başlanıb və yeni müəssisədə ildə 300 min avtomobil istehsal etmək üçün nəzərdə tutulur.

Üstəlik, yeni zavodda istehsal edilən avtomobillər yalnız krossoverlər olacaqdır. Zavodun işə salınması bu ilin sonuna planlaşdırılır. Qeyd etmək gərəkdir ki, Toyota və Mazda bu müəssisədə bərabər paya sahibdirlər və göründüyü kimi, zavodun konveyeri universal olacaqdır - çünki Corolla Cross modelinin Mazda avtomobilləri ilə heç bir ortaq cəhəti yoxdur.

4460 millimetrlik uzunluğa malik olan krossover TNGA-C modul platformasında inşa edilib. Cross versiyasının təkər bazası Corolla hetçbeki ilə eynidir - 2640 millimetr. Bununla birlikdə, Cross versiyası adi Corolla ilə ümumi kuzov panellərinə malik deyil.

Sedanla müqayisədə krossoverin salonundakı oturma mövqeyi 120 millimetr daha hündürdür. Şimali Amerikada satılacaq versiya üçün elan edilmiş klirens 206 millimetrdir. Krossoverin təchizatına 17 və ya 18 düymlük təkər diskləri daxil edilib.

ABŞ-da satılacaq avtomobilin Asiya və Cənubi Amerikada təklif edilən variantlar ilə əsas fərqi, onun tam ötürməli olmasıdır. Arxa oxda muftası olan transmissiya çoxqollu arxa asqı ilə birlikdə quraşdırılır. Bununla birlikdə, ABŞ-da arxada tir quraşdırılmış ön ötürməli versiya da təklif ediləcəkdir.

Baqaj bölümünün tutumu ötürmə və asqı növündən asılıdır: ön ötürməli avtomobillər üçün 722 litr (EPA metoduna görə), tam ötürməli üçün 688 litr təşkil edir.

Hələlik, Corolla Cross modeli Direct Shift variatoru ilə tandemdə çalışan Dynamic Force ailəsindən olan 171 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki ilə təklif edilir. Gələn il bu modifikasiyaya artıq Asiya və Cənubi Amerikada satılan hibrid versiya da qoşulacaqdır.

ABŞ bazarı üçün nəzərdə tutulmuş krossoverin standart təchizatına LED fənərlər, adaptiv kruiz-kontrol, media sistemi və arxa görüntü kamerası daxildir. Top versiyada "dəri" salon, virtual cihazlar paneli, ikizonalı klimat-kontrol, lyuk və beşinci qapının elektrik ötürməsi quraşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Qiymətlər hələlik açıqlanmayıb, çünki istehsalın başlanmasına altı ay vaxt var. ToyotaCorolla Cross modeli C-HR (21,600 dollardan) və RAV4 (26,250 dollardan) arasında yerləşməlidir.

Bu modeli bizim bazarda da görmək istərdinizmi?