Şimali Amerika bazarında tam ölçülü pikaplar seqmentində, Toyota Tundra modeli geridə qalanlar siyahısındadır - keçən il yapon pikapı cəmi 121 min nüsxəlik tirajla satılıb. Bu seqmentdə Tundra yalnız fəlakət səviyyəsində satışları olan Nissan Titan (28 min) modelini qabaqlayır. Xatırladaq ki, Böyük Üçlüyə daxil olan istehsalçıların pikapları ildə 500-600 min nüsxəlik tirajla satılırlar. Lakin Toyota bu seqmenti tərk etmək niyyətində deyil və tamamilə yeni üçüncü nəsil Tundra pikapını təqdim edib.

Pikap tam şəkildə ABŞ-da - Miçiqan, Arizona və Kaliforniyadakı mühəndislik mərkəzləri tərəfindən yaradılıb. Yeni pikapda, 14 illik konveyer həyatı yaşamış ikinci nəsildən demək olar ki, heç nə yoxdur. Yeri gəlmişkən, üç il əvvəl Toyota “aşağı” korporativ seqmentindən imtina edərək, ikiqapılı qısa kabini olan baza versiyaların istehsalını dayandırmışdı. Buna görə də, yeni çeşiddə yalnız böyük dördqapılı kabinləri olan pikaplar var. Belə pikaplar əsasən fərdi şəxslərə ünvanlanır.

Əvvəlki kimi, seçim üçün iki kabin var: standart Double Cab və daha böyük CrewMax. Birinci halda, Tundra pikapı 2,0 və ya 2,5 metrlik, ikinci halda isə, 1,7 və ya 2,0 metrlik yük bölməsinə sahib ola bilər. Kabin əvvəlki kimi poladdandır, lakin yük bölməsi alüminium gücləndiriciləri olan kompozitdən hazırlanır. Pikapın dizaynı, Kaliforniyadakı Calty studiyasında hazırlanmış yeni Technical muscle adlı dizayn üslubundadır.

Yeni rama əvvəlkindən daha sərtdir: bütün elementlər qutu hissəlidir, çarpaz elementlər əvvəlkindən iki dəfə qalındırlar. Orta təchizatlı Limited versiyasından başlayaraq, kabin baza “monolit” dayaqların əvəzinə hidravlik dayaqlarda quraşdırılır. Pikapın maksimal yükgötürmə qabiliyyəti 11% (880 kiloqrama qədər), yedəyə alınan qoşqunun çəkisi isə 17,6% (5,4 tona qədər) artıb.

Asqı tamamilə yenidən yaradılıb, üstəlik, Tundra üçün geniş çeşiddə şassi variantları hazırlanıb. Ön tərəfdə belə növ avtomobillər üçün ənənəvi olan ikiqollu asqı yerləşir, bütöv korpü olan arxa hissədə isə, əvvəlki ressorların yerinə yaylı asqı quraşdırılıb. Bütün asqılar ikiborulu amortizatorlar ilə təchiz ediliblər. Əlavə ödəniş qarşılığında adaptiv asqını və ya klirensi (Normal, Low və High mövqelər nəzərdə tutulub) dəyişdirməyə imkan verən arxa pnevmoasqını quraşdırmaq olar.

Başqa yeniliklər də var. TRD Sport dəsti hündürlüyü azaldılmış yaylı asqının, TRD Off-Road dəsti isə, tək borulu Bilstein amortizatorlarının, ofroud rejimləri olan hərəkət elektronikasının, Crawl Control kruiz-kontrolunun və arxa differensial kilidinin quraşdırılmasını nəzərdə tutur. Nəhayət, ən qabaqcıl TRD Pro versiyası 28 millimetr artırılmış klirensin, xarici rezervuarları olan Fox amortizatorlarının, gücləndirilmiş ön stabilizatorun, altlığın əlavə müdafiəsinin və yolsuzluq şinlərinin mövcudluğunu nəzərdə tutur.

Land Cruiser ofrouderi kimi, Toyota Tundra pikapı da klassik V8 mühərrikini itirib və indi LC 300 modelindən tanış olan 3,5-litrlik V6 i-Force benzin biturbomühərriki ilə təchiz edilir. Bu aqreqat 394 at qüvvəsi və 649 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, əvvəlki V8 mühərriki 386 at qüvvəsi və 544 Nm təklif edirdi. Altı pilləli “avtomat” da yerini yeni on pilləli ötürmələr qutusuna verib. Ötürmə - arxa oxa və ya azaldıcı pilləsi olan, sərt şəkildə qoşulan tam ötürmə sistemidir.

Bundan başqa, Tundra hibrid versiyaya da sahib olub. Söhbət elektromexaniki variatoru olan THS sistemindən getmir. Ramalı pikapı üçün, konseptual olaraq digər istehsalçıların hibridlərini təkrarlayan i-Force Max güc qurğusu hazırlanıb. V6 biturbo mühərriki ilə on pilləli avtomatik transmissiyaınn arasında elektrik mühərriki və sırf elektrik ötürməsi ilə hərəkət etmək üçün daxili yanma mühərrikini ayıran mufta yerləşdirilib. Hibrid sistemin hasilatı 443 at qüvvəsi və 790 Nm-dir.

Arxa divanın altında (adi benzin versiyalarında orada baqaj bölməsi olur) yerləşdirilmiş nikel-metal-hidrid batareyası 288 volt cərəyanla işləyir. batareyanın tutumu açıqlanmayıb. Elektrik rejimində pikap yalnız 29 km/saata qədər sürətlənə bilər. Qoşqunu yedəyə almaq üçün isə, daxili yanma mühərrikinin daim işləyəcəyi ayrıca rejim nəzərdə tutulub. Hibrid pikapın perspektivləri ilə bağlı hələ də böyük şübhələr var: belə modellər artıq Ford və General Motors tərəfindən təklif olunur, lakin onların satış rəqəmləri elə də ürəkaçan deyil.

Tundra modelinin baza versiyası analoq cihazlar paneli və mediasistemin səkkiz düymlük ekranı ilə təchiz edilir. Ancaq bahalı versiyaların təchizatına  12,3-düymlük virtual cihazlar paneli və multimedia sisteminin 14-düymlük ekranı daxildir. Multimedia sistemi tamamilə yenidir, əvvəlkindən beş dəfə sürətlə işləyir, səslə idarəetmə (aktivləşdirmək üçün Hey, Hi, Hello və ya OK Toyota ifadələrini söyləmək lazımdır) və “hava” üzərindən yeniləmə funksiyalarına, həmçinin 10 cihazı qoşmaq üçün Wi-Fi və 4G ötürücülərinə malikdir.

Opsiyalar siyahısında ön oturacaqların havalandırması, qızdırılan sükan, böyük panoram dam və başqa avadanlıqlar mövcuddur. Safety Sense 2.5 elektron köməkçilər kompleksi artıq baza təchizatına daxildir: kompleksin tərkibində avtomatik əyləcləmə (piyadaları və velosipedçiləri tanıyır) və zolaqda saxlama sistemləri, habelə adaptiv kruiz-kontrol var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota Tundra pikaplarının istehsalı əvvəlki kimi, Texasdakı ayrıca zavodda yerləşdiriləcəkdir. İndiyə qədər burada Tacoma modeli istehsal olunurdu, ancaq avtomobilin yeni nəsli Meksikada buraxılacaqdır. Bununla yanaşı, Texasda yeni Tundra pikapının əsasında yaradılacaq və gələn il debüt edəcək yeni nəsil Toyota Sequoia ofrouderi də buraxılacaqdır. Tundra pikapı isə, bu ilin sonuna qədər ABŞ bazarında satılmağa başlayacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.