Dünəndən başlayaraq Azərbaycanda avtomobillərdə pərdə və jalüzlərdən istifadə edilməsinə qadağa qoyulub. Yol polisinin xəbərdarlığına əsasən belə sürücülər 150 manat miqdarında cərimələnirlər. Əslində bu qərar bir qədər məntiqsiz görünür, çünki bir qadağa vardırsa, ən azından onun bir səbəbi olmalıdır - onlar təhlükə mənbəyidir.

Yəni, qadağa obyekti olan jalüzlər ilin bir yarısında təhlükəsiz, digər yarısında isə təhlükəli ola bilməz. Məlumdur ki, avtomobil istehsalçıları Avropa İttifaqı və digər dövlətlərin müvafiq orqanlarının tərtib etdiyi təhlükəsizlik standartlarından kənar çıxa bilməzlər. Əks halda onların istehsal etdiyi məhsulun satışlarına qadağa qoyula bilər. Əgər istehsalçılar bu opsiyaları təklif edirlərsə, bu o deməkdir ki, həmin elementlər tamamilə təhlükəsizdir və bütün standartlara cavab verir.

Ümumiyyətlə, zavod üsulu ilə hazırlanmış jalüzlər, həmçinin isteshalçıların təklif etdiyi tündləşdirilmiş arxa qapı şüşələri heç bir təhlükə mənbəyi ola bilməzlər, çünki onlar sürücünün görüş zonasını məhdudlaşdırmır və heç bir maneə yaratmırlar. Əksinə, isti iqlimə malik olan ölkələrdə bu avadanlıqların olması mənim fikrimcə vacibdir. Səbəbini də açıqlayıram.

İsti iqlimi olan ölkələrdə belə avadanlığın hətta avtomobilin standart təchizatına daxil edilməsini tələb edənlər də vardır. Məsələn, isti iqlimi ilə seçilən Kaliforniyada tündləşdirilmiş şüşələri olmayan avtomobillərin satışına icazə verilmir. Səbəbi isə məlumdur - isti havada avtomobilin salonu çox qızır və sürücü kondisioneri var gücü ilə işlətməyə məcburdur. Bu isə, ətraf mühitə atılan zərərli tullantıların səviyyəsinin, həmçinin yanacağın sərfiyyatının artmasına gətirib çıxarır.Adı çəkilən avadanlıqlar isə, qismən bunun qarşısını almağa yardım edir.

Gələk jalüzlərə. Bu məsələyə aydınlıq gətirmək üçün  Baku.ws saytının müxbiri Ziya Səccad tanınmış ekspert və "Avtostop” verilişinin aparıcısı Tural Yusifovdan müsahibə alıb. Ekspert əslində jalüzlər qanunla qadağan olmadığını bildirib və buna görə də, qanunda 150 manat cərimə nəzərdə tutulmadığını bildirib. O, polis müfəttişlərinin İnzibati Xətalar Məcəlləsinə əsaslanaraq yazdığı cərimənin həmin məcəllədə əks olunmadığını söyləyib,

“Heç bir standart Yol Hərəkəti Haqqında Qanunun bir saylı əlavəsinin 7-ci bəndindən üstün deyil. Bu bənddə açıq-aydın yazılıb ki, nəqliyyat vasitələrinin şüşələrinə sənaye üsuli ilə hazırlanan jalüzlərin taxılmasına icazə var. Heç bir standart ondan üstün ola bilməz. Ən əsası Azərbaycanın tərəfdaş çıxdığı konversiyalarda jalüz ilə bağlı bir qadağa yoxdur. Azərbaycan qanunları ilə də jalüz qadağan deyil. Jalüzə görə cərimə yoxdur”, - deyə Tural Yusifov bildirib.

Ekspert deyir ki, burada məntiqsizlik var: “Burada bir məntiqsizlik var. İşıqforun qırmızı işığından keçən sürücü 60 manat cərimə olunur, lakin jalüzə görə 150 manat yazır. Qarşı yola çıxma 100 manat cərimə olunur. Təhlükəsizlik kəmərini taxmayan 40 manat cərimə olunur. Halbuki adam kəməri taxmasa, ölə bilər. Lakin jalüz cəriməsi 150 manat məbləğində olur?

İndi hansı təhlükəlidir? İşıqforun qırmızı işığında keçmək, yoxsa jalüzdən istifadə? Təbii ki, qırmızı işıqdan keçəndə ölüm baş verə bilər. Bu məntiqsizlik hələ də davam edir. Hələlik jalüz taxmağa görə ölüm hadisəsi baş verməyib”, - deyə Tural Yusifov bildirib.

Ekspertin sözlərinə görə, yol polisinin 342.5-ci maddəyə əsasən yazdığı cərimədə göstərilir ki, nəqliyyat vasitəsinin şüşələrinə qadağan edilən örtük vasitələrinin çəkilməsi qadağandır. Tural Yusifov burada uyğunsuzluq olduğunu vurğulayıb.

“Yol polisi deyə bilər ki, jalüz də örtükdür. Yox, elə deyil. Örtüyün dəqiqləşdirilməsi Yol Hərəkəti Haqqında Qanunun 100 saylı əlavəsinin 7-ci bəndində yazılıb. Burada örtüklər plyonka və pərdə kimi göstərilir. Bir sözlə, jalüz taxıla bilər və onun mövsümü yoxdur. Ona görə də, jalüzə görə  cərimə də yoxdur”, - ekspert əlavə edib.

Tural Yusifovun fikrincə, yol polisi sadəcə sürücülərdən jalüzlərlə bağlı tövsiyyə verə bilər: “Tövsiyyə edə bilərlər ki, vurmayın. Razıyam bu zaman cinayətkar maşında gizlənə bilər. Lakin indiyə qədər Azərbaycanda cinayətkarlar jalüz arxasında gizlənməyib. Belə bir fakt da yoxdur”.

Mənbə: Baku.ws