BMW şirkəti model xəttində növbəti nəsil “bərkgedən” X6 M kupe-krossoverindən bir pillə aşağıda qərarlaşacaq “qaynar” M Performance modifikasiyasını buraxmağa hazırlaşır. Mercedes-AMG GLE 53 4Matic və Audi SQ8 modellərinə rəqib olacaq krossoverin prototipi artıq Nürburqrinqin “Şimal ilgəyində” sınaqdan çıxarılır. Videoçarxı YouTube kanalında Automotive Mike dərc edib.

Videoçarxdan da göründüyü kimi, növbəti nəsil X6 M Performance modeli son 7 Series və X7 modellərində olduğu kimi iri radiator barmaqlığına malik olacaqdır. Avtomobilin kamuflyajının seriya kuzovunu örtüdüyü də aydın nəzərə çarpır.

Mühərrik çeşidinə gəldikdə isə, “qaynar” kupe-krossoverin M850i modelindən tanış olan 4,4-litrlik V8 biturbomühərrriki ilə təchiz ediləcəyi ehtimal olunur. BMW M850i modelində bu aqreqat 523 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir. Çox güman ki, “qaynar” kupe-kross dizel modifikasiyasında da təklif ediləcəkdir. Belə krossover X5 M50d modelindən tanış olan 3,0-litrlik dizel aqreqatı ilə təchiz edilə bilər. Xatırladaq ki, bu mühərrik 394 at qüvvəsinə və 760 Nm fırlanma anına malikdir.

Böyük ehtimalla, yeni “qaynar” kupe-krosslar üçüncü nəsil BMW X6 modelinin payızda keçiriləcək debütündən sonra təqdim edilə bilərlər.