Rusiyada Lada Niva modelinin nadir tapılan versiyasını satışa çıxarıblar. 2017-ci ildə buraxılmış avtomobil pərəstiş obyektinə çevrilmiş rus ofrouderinin 40-illik yubileyinə həsr edilmiş yubiley partiyasındandır. Lada Niva 40th Anniversary modeli bu müddət ərzində demək olar ki, qarajı tərk etməyib. Satışa çıxarılan avtomobil nəinki məhdud saylı seriyaya aiddir, o həmçinin yubiley partiyasının son buraxılan avtomobilidir.

Qlobal olaraq yubiley modeli adi Niva ofrouderindən heç nə ilə fərqlənmir. Lada Niva 40th Anniversary modeli kuzov rənginə boyanmış bamperlərə, özünəməxsus təkər disklərinə, ekoloji dəri ilə üzlənmiş sükan və oturacaqlara, kandarlara vurulmuş paslanmayan poladdan lövhələrə və 40th Anniversary emblemlərinə malikdir. Bütün avtomobillərin əlcək qutusunun qapağına onun seriyadakı sıra nömrəsi vurulub – cəmi 1977 ədəd avtomobil buraxılıb ki, bu da Niva modelinin istehsalının başlandığı ilə işarə edir. Emblemdən göründüyü kimi, satışa çıxarılan avtomobil yubiley partiyası çərçivəsində buraxılmış son avtomobildir.

Image alt Image alt Image alt Image alt Image alt

Yubiley modeli adi ofrouderlər kimi 83 at qüvvəli 1,7-litrlik mühərrik və 5-pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilib. Avtomobilin dörd il ərzində cəmi 17 kilometr məsafə qət etdiyi bildirilir. Unikal Niva ofrouderi öz sahibinə yenisindən üç dəfə baha başa gələcəkdir. Avtomobil üçün 2,5 milyon rubl (57,8 min manat) istənilir, halbuki yeni Lada Niva Legend modelini 675,9 min rubldan (15,6 min manat)  başlayan qiymətlərlə əldə etmək olar.

Cari ilin noyabr ayının sonunda Niva modeli özünün 45-illik yubileyini qeyd edib. Bu əlamətdar hadisənin şərəfinə AvtoVAZ şirkəti avtomobilin adının peyda olması üzərindəki sirr pərdəsini götürüb: ilkin olaraq, bu adın avtomobilin konstruktorklarının övladlarının şərəfinə adlandırıldığı barədə əfsanələr dolaşsa da, əslində hər şey çox bayağı olub - sən demə, modelin yaradıcıları Niva adının daha lakonik və yadda qalan olduğunu, habelə yaxşı səsləndiyini hesab ediblər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.