Yenilənmiş Volkswagen Arteon modeli ilə birlikdə, onun "bərkgedən" versiyası olan Arteon R modeli də təqdim olunub. Volkswagen şirkətinin hazırkı model çeşidində, T-Roc R və Touareg R krossoverlərindən sonra, Arteon R üçüncü tam hüquqlu R modelidir. Xatırladaq ki, yeni nəsil Golf R hetçbeki hələlik təqdim edilməyib.

Yeni Volkswagen Arteon R modeli liftbek və universal kuzovları ilə təklif olunur. Arteon R modelinin kapotunun altında 320 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik yerləşir. Güc qurğusu yeddi pilləli DSG "robotu" və 4Motion tam ötürmə sistemi ilə tandemdə çalışır. 

Arteon R modeli sürət həddindən, köndələn sürətlənmədən, akselerator pedalının sıxılma dərəcəsindən və digər amillərdən asılı olaraq, arxa təkərlər arasında dartma qüvvəsini paylayan aktiv arxa diferensialın fəaliyyətini təqlid edən R-Performance Torque Vectoring sistemi ilə təchiz edilir.

Bununla belə, istehsalçı avtomobilin ağırlığı və dinamik xüsusiyyətləri barədə məlumat verməyib. Xatırladaq ki, 280 at qüvvəli Arteon modeli 1716 kiloqram çəkiyə malikdir və 100 km/saat həddinə 5,6 saniyəyə sürətlənir. Bununla belə, mühəndislər trekdə Arteon R modelinin bu seqmentində olan digər modellər arasında ən yaxşılardan biri olacağını vəd edirlər.

Zahiri cəhətdən Arteon R modelini daha iri hava girişləri olan aqressiv kuzov dəsti, beşinci qapıdakı spoyler, səsboğucu sistemin dörd çıxış borusu, tünd  dekor, həmçinin xüsusi dizayna malik olan iri təkər diskləri və mavi rəngli əyləc supportları sayəsində tanımaq olar.

Fənərlərin kənarlarına, qardaş Audi markasının RS-modellərində olduğu kimi, qara rəngli torşəkilli haşiyə vurulub. Beşinci qapıdakı modelin adı olan yazının yerinə xüsusi dizaynlı R hərfi vurulub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

R indeksli modelin interyeri də "mülki" modellərdən fərqlənir. Arteon R modelinin salonunda xüsusi tərtibat materialları tətbiq edilmiş, "idman" oturacaqları və ötürmələr qutusunun daha iri sükanaltı dəstəkləri quraşdırılmışdır. Qapılarda və ön paneldə karbondan hazırlanmış işləmələr mövcuddur.

R indeksli modellərin qiymətləri hələlik açıqlanmayıb. Arteon R ailəsindən olan liftbek və universalın Avropadakı satışlarına payızda başlanacaqdır.