Proqram təminatındakı problemlər ilə bağlı olan çoxsaylı gecikmələrdən sonra, nəhayət ki, Volkswagen ID.3 elektrik hetçbeki Avropa bazarında satışa çıxarılıb. Elektrokarın satışları keçən ilin sentyabrında başlayıb və ilin sonunda ID.3 modeli Avropada ən çox satılan elektromobil olub.

İlkin olaraq, satışa yalnız 204 at qüvvəli elektrik mühərriki ilə təchiz edlmiş bahalı versiyaların çıxarılmasına baxmayaraq, Avropada 55 min ID.3 hetçbeki öz sahibini tapıb. 58 kilovat-saatlıq batareyası olan Pro Performance təhcizatlı hetçbekin Almaniyadakı satış qiyməti 36.500 avrodan, 77 kilovat-saatlıq batareyası olan Pro S versiyasının isə 42.000 avrodan başlayırdı.

Bu günlərdə Avropada təklif olunan ID.3 ailəsinə yeni versiya qoşulub. Hələ dekabr ayında 145 at qüvvəli mühərrik və 58 kilovat-saatlıq batareya ilə təchiz edilmiş Volkswagen ID.3 Pro modeli Almaniya bazarında satışa çıxarılmışdı.

Belə hetçbek, WLTP dövründə əsasən dolu batareya ilə 420 kilometr məsafə qət edir və ilk “yüzlüyə” 9.6 saniyəyə sürətlənir. Doğrudur, belə elektrokarı alarkən güclü qənaət etmək mümkün olmayacaq - modelin qiyməti 35 min avrodan başlayır. Artıq Pro versiyası İngiltərə də daxil olmaqla digər Avropa ölkələrində də satılmağa başlayıb.

Eyni zamanda, Almaniyada 31.500 avroya satılan Volkswagen ID.3 Pure Performance adlı daha sadə versiya satışa çıxarılıb. Bu modelin əsas cəhəti, onu 348 kilometr yürüş məsafəsi ilə təmin edən 45 kilovat-saatlıq batareyasıdır. Bundan başqa, belə hetçbeklər 7,2 kilovatlıq dəyişkən cərəyanlı (daha bahalı variantlar üçün 11 kilovat) və 50 kilovatlıq sabit cərəyanlı yükləmə qurğuları ilə təchiz ediləcəkdirlər. Volkswagen ID.3 Pure Performance modeli 150 at qüvvəli mühərrikə malikdir və 100 km/saat həddinə 8.9 saniyəyə sürətlənir.

Bununla belə, yaxın zamanlarda daha sadə Pure versiyası təqdim edilməlidir. Hetçbek 45 kilovat-saatlıq batareyaya sahib olsada, 110 at qüvvəli mühərriklə təklif ediləcəkdir. Belə elektrokar 30.000 avroya satılmalıdır. VW ID.3 modelinin baza versiyası cari ilin ikinci yarısında satışa çıxmalıdır.