Volkswagen şirkəti müasir e-up! modelinin elektrik güc aqreqatı ilə təchiz edilmiş klassik Käfer modelini hazırlayıb. VW eKäfer adlandırılmış avtomobil Frankfurt avtosalonunda nümayiş etdiriləcəkdir.

Elektrik “Böcək” alman şirkətinin Volkswagen Group Components bölməsi tərəfindən inşa edilib. Bu bölmə akkumulyator batareyaları və Renninqdə yerləşən eClassics firması ilə əməkdaşlıq istiqamətinə cavabdehdir. Klassik VW eKäfer modelinin təchiz edildiyi elektromotor və bir pilləli reduktor Kasseldəki müəssisədə, batareya isə, Volkswagen konserninin Braunşveyqdəki zavodunda istehsal edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin elektrik mühərrikinin hasilatı 82 at qüvvəsi təşkil edir. 14 moduldan ibarət olan litium-ion batareyası 36,8 kVs tutuma sahibdir. Batareyanın quraşdırılması şassini və əyləc mexanizmlərini gücləndirilməsini tələb edib. Beləliklə, elektrik “Böcək” yerindən 50 km/saata - dörd, 80 km/saata isə, səkkiz saniyəyə sürətlənir. Bəyan edilən yürüş ehtiyatı 200 km, maksimal sürət isə, 150 km/saatdır.

Volkswagen Group Components bölməsinin rəhbəri Tomas Şmoll digər tarixi avtomobillərin elektrokara çevrilməsi planlarının olduğunu da bildirib. Hazırda T1 modelinin platforması üzərinə işlər gedir. Namizədlər arasında Porsche 356 sportkarının olduğu da gözlənilir.