Bu günlərdə, casuslara Nürburqrinqin "Şimal ilgəyində" dövrələr vuran maraqlı bir avtomobil rast gəlib. Bu, Volkswagen Transporter T7 modelinin hibrid güc qurğusu ilə təchiz edilmiş test prototipidir. Soruşa bilərsiniz ki, əcaba, güclü kamuflyaj örtüyünə malik olan avtomobilin hibrid olduğunu haradan bilirsən?

Şerlok Holms demişkən, çox asan! Deduksiya metodunu işə salsaq, avtomobilin sağ yan panelindəki qapağın elektrik yükləmə nöqtəsini gizlətdiyini və qarşımızda təkrar doldurulan hibrid güc qurğusuna malik olan furqonun dayandığını anlamaq çətin olmalı deyil.

Dərc edilmiş şəkillər avtomobilin dizaynı haqqında mülahizə yürütməyə imkan vermir. Lakin, bir şeyi əminliklə söyləmək olar - yeni dizayn bu günki üslubun təkamülü olacaqdır. Eyni zamanda, avtomobil sonuncu səkkizinci nəsil Golf modelinin bəzi cizgilərini özündə əks etdirəcəkdir. Buna ön tərəfin tərtibatı dəlalət edir.

Eyni zamanda, avtomobilin irilənmiş ön paneli, alın şüşəsinin nazilmiş dayaqları və ön tərəfdə peyda olmuş A-şəkilli pəncərə də diqqəti çəkir. Bu pəncəyə avtomobilin salonunu daha işıqlı etməyə xidmət edəcəkdir.

Çox güman ki, yeni T7 virtual cihazlar panelini, 10-düymlük displeyi olan yeni multimedia sistemini və digər yeni texnologiyaları - aktiv kruiz-kontrol, zolaqda saxlama və kor zonalara nəzarət funksiyası kimi sürücüyə yardım sistemlərini də əldə edəcəkdir.

Qeyd etmək lazımdır ki, qoşulan hibrid güc qurğusunun tətbiqi çoxdan gəzən şayiəni də təsdiqləmiş olur - yeni T7 furqonu MQB modul platformasına əsaslanacaqdır, çünki alman markasının bu günə qədər təqdim edilmiş hibrid modelləri yalnız bu platformada inşa edilmişdirlər.

Mühərrik çeşidinə gəldikdə isə, furqonun Golf GTE modelindən tanış olan 242 at qüvvəli (400 Nm) hibrid güc qurğusu və ənənəvi 2,0-litrlik turbodizellər ilə təchiz ediləcəyini gözləmək olar. Əlbəttə ki, T7 modeli ön və tam ötürmə ilə təklif ediləcəkdir.

Gələn il satışa çaxması gözlənilən yeni furqon Ford Transit, Mercedes Sprinter və Opel Vivaro ilə rəqabət aparmalıdır.