Volkswagen şirkəti ənənəvi olaraq Milad bayramı öncəsi jurnalistlərə yeni avtomobilin təsvir edilidiyi açıqçanı göndərir. Görünən odur ki, açıqçadakı yeni avtomobil, daha doğru desək, elektromobil gələn ilin martında keçiriləcək Cenevrə avtosalonunda konsept statusunda debüt edəcəkdir. Konseptin seriya variant isə ID. ailəsinin büdcə modeli olacaqdır.

Alman şirkəti bu üsuldan birinci dəfə deyildir ki istifadə edir. Keçən il alman istehsalçısı açıqçada ID.Buggy modelinin ilk təsvirini nümayiş etdirmişdi. Buggy modelinin seriyaya getməməsinə baxmayaraq, yeni hetçbekin istehsal şansları daha böyükdür. Yeni yığcam hetçbekin qiymətinin 20 min avroya qədər olacağı söylənilir. Müqayisə üçün, ID.3 modelinin qiyməti 30 min avroyadan başlayır.

Yeni elektromobil MEB Entry platformasında inşa edilən ilk avtomobil olacaqdır. Bu platform MEB modul platformasının sadələşdirilmiş versiyasıdır. Ölçülərinə görə yeni model e-up! Ilə bənzər olacaqdır. Yığcam elektrokar hər gün 25 km qədər məsafə qət edən meqapolis sakinlərinə ünvanlanacaqdır.  Elektrokar, onu 210-240 km arasında yürüş ehtiyatı ilə təmin edən batareyaya sahib olacaqdır.