Volkswagen şirkətinin kommersiya avtomobillərinə cavabdeh olan Commercial Vehicles bölməsi yeni Caddy kompaktveninin və onun yük versiyası olan Caddy Cargo modellərinin dizayn sketçlərini dərc edib. Debütü 2020-ci ilə planlaşdırılan model, aktiv həyat tərzini sevənləri cəld edəcək yeni dizayna malik olacaqdır.

Volkswagen Caddy modelinin yeni nəsli cari modeldən ciddi şəkildə fərqlənəcəkdir.  Şirkətdən avtomobilin konstruksiyasına “son vintinə” qədər yenidən baxıldığı bildirilir. Qeyd etmək gərəkdir ki, dizaynerlər yığcam kompaktvenə idman görkəmi bəxş etməyə çalışıblar: dam örtüyünün mailliyi yüngülcə artırılıb və kuzovun formaları daha ifadəli olubdur. Belə formalar idmanla məşğul olan və ya aktiv vaxt keçirməyi sevən alıcıları cəlb etməlidir.

Yeni Caddy modelini şaquli LED işıqlar, nazik formalı fənərlər və radiator barmaqlığına, eləcə də geniş arxa pəncərə sayəsində ayırd etmək mümkündür. Yük versiyası üçün, yuxarı və ya  taybatay açılan şüşəsiz qapılar təklif ediləcəkdirlər.