Azərbaycanda smartfon istehsalçısı kimi tanınan Xiaomi şirkəti yeni hazırladığı iki elektrik skuterini təqdim edib. A1 və A1 Pro adlanan və batareyaları ilə fıərqlənən skuterlərin qiyməti 420 dollardan (715 manatdan) başlayır.

Xiaomi A1 modeli 768 vatt-saatlıq, A1 Pro isə 960 vatt-saatlıq batareya ilə təchiz edilmişdir. Elektroskuterlərin yürüş ehtiyatı, müvafiq olaraq, 60 və 70 kilometrə bərabərdir. Hər iki versiyanın maksimal sürəti saatda 25 kilometrdir. Hər iki modelin çəkisi cəmi 52 kiloqramdır və təkəri arxa tərəfdə quraşdırılmış elektrik mühərriki hərəkətə gətirir.

Xiaomi mopedlərinin "fişkası" çıxarılan batareyalardır - moped sahibi batareyanı özü ilə götürərək, məişət elektrtik şəbəkəsindən doldura bilər. Bundan əlavə, A1 və A1 Pro modelləri rəngli displey, səslə idarə edilən naviqasiya sistemi və videoqeydedici kimi işləyən 130 dərəcəlik bucağa və 1080 pixel icazəsinə malik olan kamera ilə təchiz edilirlər.

Xiaomi A1 Pro modeli daha bahalı sayılır - hazırda mopedi almaq üçün 566 dollar (965 manat) tələb edilir. Lakin, şirkət yaxın gələcəkdə modelin qiymətinin 655 dollara (1116 manata) qədər artacağını da bildirib.

Ötən payızda Xiaomi ilk avtomobilini buraxacağını elan etsə də, sonradan bu avtomobilin FAW markası ilə birlikdə hazırlanan T77 krossoverinin xüsusi versiyasının olduğu müəyyən edilib. Xiaomi şirkətinin multimedia sistemi ilə təchiz edilmiş avtomobilin yerli bazarda Redmi adı ilə satışa çıxarılacağı planlaşdırılmışdı.