Yenidən həyata qaytarılmış De Tomaso markasının ilk modeli bu ilin 4 iyul tarixində Qudvudda keçiriləcək sürət festivalında təqdim ediləcəkdir. Zavoddaxili Project P kod adı ilə işarələnmiş avtomobilin təqdimatı, italyan istehsalçısının 60 illik yubileyinə həsr ediləcəkdir.

2014-cü ildə De Tomaso markasının hüquqları Çinin Consolidated Ideal TeamVenture holdinqinə keçib. Bu holdinq, eyni zamanda əvvəllər Gumpert kimi tanınan Apollo Automobil şirkətinin də sahibidir. Project P layihəsi üzərindəki işlərin aparıldığı bu il məlum olub:  Apollo Intensa Emozione və yeni De Tomaso Pantera modelinin olduğu ehtimal edilən iki kamuflyaja bürünmüş avtomobil Cenevrə küçələrində görünüb.

Yeni modelin restomod və ya italyan sportkarının müasirləşdirilmiş variantı olacağı hələlik məlum deyil. Bununla belə, dərc edilmiş şəkillərdə onun orijinal model ilə bənzərlik daşıdığı açıq-aydın görünür. Qərb jurnalistlərinin iddiasına görə, kamuflyajın altında keçən əsrin 70-ci illərinin orijinal Pantera sportkarı  gizlədilib. Yeni De Tomaso Pantera modeli üzərində Intensa Emozione hiperkarının yaradıcı qrupunun çalışdığı da məlumdur.