Məlum olduğu kimi, gələn il Avropa İttifaqının yeni ekoloji normaları qüvvəyə minir. Financial Times qəzetinin mənbələrinin bildirdiyinə görə, yeni normalara cavab vermək üçün, Daimler konserni AMG ailəsindən olan modellərin satışını ciddi şəkildə azaltmalı olacaqdır. Bundan əlavə, 3,0-litrlik mühərriklərə malik olan “mülki” minik avtomobilləri də təhlükə ilə üzləşə bilərlər.

Alman markasının diler mərkəzlərinin rəhbərləri də, karbon dioksidi tullantılarının orta səviyyəsinə dair yeni tələblərin qüvvəyə minməsinin Daimler'ə ciddi təsir göstərəcəyini hesab edirlər. Onlar Mercedes-AMG modellərinin anbar ehtiyatlarının 75 faiz azalacağını, həmçinin 3,0-litrlik mühərrikə malik olan modellərin satışına qadağa qoyulacağını gözləyirlər. Bernstein qrupunun analitiki Maks Uorberton AMG modellərinin «qətlinin» alman konserninin rentabelliyi üçün fəlakət olacağını bildirib.

Mersedes-Benz şirkətinin kütləvi model xəttində də sarsıntılar gözlənilir. Şirkət müştərilərin diqqətini güclü yığcam və orta ölçülü modellərdən daha zəif modifikasiyalara yönəltməyə çalışmalıdır. Məsələn, mühərrik çeşidində 3,0-litrlik altısilindrli aqreqatlar olan  GLE krossoveri və yaxud E-Class ailəsinin top versiyaları zərbə altında qala bilərlər.

Avropa Parlamenti tərəfindən 2019-cu ilin aprel ayında qəbul edilmiş 2019/631 nömrəli qaydaya əsasən, istehsalçıların təklif etdiyi model cərgəsi üzrə CO₂ tullantılarının orta səviyyəsi mərhələli şəkildə azaldılmalıdır. 2021-ci ilə qədər bu göstərici bir kilometrə 95 qramdan çox ola bilməz. Müvafiq olaraq, bu qaydalar benzin avtomobilləri üçün yanacaq sərfiyyatının 100 kilometrə 4,1 litr, dizellər üçün isə 3,6 litr səviyyəsində olmasını  tələb edir. Normadan artıq olan hər qram üçün cərimə 95 avro təşkil edir. Özü də bu məbləğ satılan avtomobillərin ümumi sayına vurulmalıdır.