Keçən həftə Ferrari şirkəti özünün yeni bayraqdar modeli olan SF90 Stradale modelini təqdim edib. Superhibridin təqdim edilməsindən bir neçə gün keçməsinə baxmayaraq, artıq ondan narazı qalan və tənqid edənlər də tapılıb.

Bir çoxlarını təəccübləndirən isə, yarım milyon qiyməti olan bir avtomobilin hazırlanması zamanı yol verilmiş tərtibat səhvlərdir. Məlum olduğu kimi, Ferrari SF90 Stradale italyan markasının V8 mühərrikinə malik olan ilk bayraqdarı və ilk qoşulan hibrididir. Məhz bu «qoşulma» məsələsi tənqid obyektinə çevrilən ilk səbəb olub. 

İnsideEVs nəşrində çalışan həmkarlarımız avtomobilin təchiz edildiyi batareyanın həcminin kifayət qədər olmadığından gileyləniblər. Ferrari SF90 Stradale 7,9 kilovat-saatlıq batareya ilə təchiz olunub və elektrik ötürməsi ilə 35 kilometr məsafə qət edir. Müqayisə üçün 11,6 kilovat-saatlıq batareyaya malik olan BMW i8 modelinin yürüş məsafəsi bundan bir dəfə yarım çoxdur.

Daha bir qəribəlik Ferrari tərəfindən dərc edilmiş şəkillərin təhlili zamanı aşkar edilib. Yuxarıda dərc edilmiş şəkilə fikir versəniz, yanacaq çəninin qapağı ilə simmetrik yerləşdirilmiş yükləmə kabelinin qoşulması nöqtəsi praktiki olaraq arxa qanadın səthi ilə eyni səviyyədə yerləşir. Bu isə yükləmə terminalına qoşulma zamanı kabel tərəfindən arxa qanadın iti kənarlarının cızılmasını labüd edir.

Güman etmək olar ki, bu problemi həll etmək üçün Ferrari qarajın tavanına asılacaq xüsusi yükləmə qurğusunu hazırlaya bilər. Bu zaman tavandan sallanan kabel kuzovu zədələməz. Digər bir ehtimala görə, Maranelloda batareyanın enerjisini bərpa etmək üçün rekuperasiya sisteminin bəs olacağını düşünüblər. Əgər bu həqiqətə uyğundursa, ortaya başqa bir sual çıxır - belə olan halda, qoşulan hibrid yaratmağa nə ehtiyac var idi?